Estoniya mümkün Rusiya müdaxiləsi ehtimalına qarşı qoşunlarını Rusiya sərhədinə daha yaxın ərazilərə yerləşdirir və Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməyə imkan verən silahlar alır.
KONKRET.az xəbər verir ki, bu barədə Financial Times Estoniya rəsmiləri və hərbçilərinə istinadən yazıb.
Belə ki, Estoniya ötən il doqquz ədəd HIMARS reaktiv yaylım atəş sistemi və atəş məsafəsi 300 kilometrədək olan daha doqquz Chunmoo reaktiv yaylım atəş sisteminin alınması ilə bağlı müqavilələr imzalayıb. Bundan əlavə, London Tallinə Nyan kamikadze-dronları təqdim etməyə hazırlaşır.
Estoniyanın 1-ci briqadasının komandiri, polkovnik Tarmo Kundla bildirib ki, rəhbərlik etdiyi bölmə yaxın vaxtlarda Rusiya sərhədindən 50 kilometr məsafədə yerləşən Yıhvi şəhərinə tam şəkildə köçürüləcək.
“Biz sərhəddən başlamalı və ilk döyüşlərdən etibarən qələbələr qazanmalıyıq”, – deyə o bildirib.
Bundan başqa, Estoniya hakimiyyəti sərhədyanı Narva şəhərində 1000 hərbçinin yerləşdirilməsi üçün hərbi baza inşa edir. Plana əsasən, bazada daimi olaraq 200 hərbçi xidmət göstərəcək, böhran vəziyyətində isə əlavə 800 hərbçinin oraya göndərilməsi mümkün olacaq.
Estoniyanın hərbi və kəşfiyyat rəhbərliyi hesab edir ki, Kreml qarşıdakı iki il ərzində NATO ölkələrindən birinə müdaxilə edə və bununla alyansın möhkəmliyini sınaqdan keçirməyə cəhd göstərə bilər. FT yazır ki, Estoniyanın müdafiə naziri Martin Herem belə deyib:
“Etibarlı çəkindirmə üçün təcavüzü ölkəmizə qarşı tamamilə ağlasığmaz etmək lazımdır. Məqsədimiz aydındır: düşmənin Estoniya ərazisində mövcudluğuna və müharibənin ölkəmizdə dağıntılara səbəb olmasına imkan verməmək”.
Estoniya kəşfiyyatının qiymətləndirməsinə görə, kritik məqam qarşıdakı 1–4 il ərzində yarana bilər.
Ağagül Mürsəlov,
KONKRET.az
