Bir neçə gündür Ukraynaya qoşun yeridən Rusiya artıq Avropa üçün ciddi təhdidə çevrilib. Belə ki, Rusiya Avropanı qaz ixracını tamamilə dayandırmaqla təhdid edir. Maraqlıdır, görəsən, Rusiya Avropaya qaz nəqlini tamamilə dayandıra bilərmi? Belə olan halda Avropa dövlətləri müharibəyə qoşulacaqmı?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Cümşüd Nuriyev cavablandırıb. O bildirib ki, Avropada Rusiyanın qarşısında dayana biləcək bir dövlət yoxdur: “AŞPA-da bu məsələ müzakirə olundu. Amma bu müzakirələr müharibəni və onun ağır nəticələrini aradan qaldırmır. Avropa onsuz da bəlaya düşüb. Vladimir Jirinovski hələ dekabr ayındakı çıxışında bildirmişdi ki, biz fevralın 22-də müharibəyə başlayacağıq və ilk olaraq Ukraynanı götürəcəyik. Daha sonra Moldova və Baltikyanı dövlətləri işğal edəcəyik. O, açıq şəkildə bildirib ki, Rusiyanın planı budur. Daha sonra isə Orta Asiya və Cənubi Qafqaza baxacağıq. Bizə bu işdə mane olan kim varsa onları yandıracağıq. Yəni Rusiya bu müharibəyə bir neçə variantda hazırlaşıb. Avropa İttifaqı da bu işin içində idi. Məsələ burasındadır ki, Avropada Rusiyanın qarşısında dayana biləcək bir dövlət yoxdur. İndiyə qədər Avropanın diplomatik sükanı Fransanın əlində idi. Lakin E.Makron öz maraqlarını müdafiə edir. Çünki Fransada prezident seçkiləri olacaq. Almaniyanın da öz iqtisadi maraqları var. Məsələ burasındadır ki, 100 ildən çoxdur heç bir işə qarışmayan İsveçrəni “quyunun içinə” saldılar. Halbuki dünyanın bütün pulları oradadır. Yəni ABŞ öz istəyinə nail oldu. Lakin bu, uğursuz bir gedişdir”.
Politoloq bildirib ki, Putin artıq paranoid qərarlar qəbul edir: “Ən pisi isə odur ki, Rusiya prezidenti Vladimir Putin aqressivləşib. O anlayır ki, birinci variant kimi Ukraynanı iki günə tutmaq planı alınmadı. İkinci planı olaraq Rusiya bir həftəyə təkcə Xersonu tuta bildi. Putin üçüncü plana keçməyi düşünür ki, bu da nüvə başlıqlarından istifadə etməkdir. Rusiyanın 1500 nüvə başlığı artıq hazırdır. Əgər bu başlıqlar eyni vaxtda işə düşsə, Avropanın yarısı tamamilə məhv olacaq. Çünki Avropanın bir çox ölkələri anti-Rusiya koalisiyasına qoşulub. Bunun başında dayanan Polşadır. Digərləri “cırtdan” dövlətlərdir. Onlar Rusiyaya nə edəcək ki? Bu dövlətlərlə Rusiyanı hədələmək ağılsızlıqdır. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yalnız tövsiyə xarakteri daşıyır. Çin isə bu işə qarışmır. Xristian həmrəyliyi də Rusiyaya qarşı mövqedədir. Bütün bunlar məsələni həll etmir. Döyüşən və dağıdılan Ukraynadır. Lakin Ukraynanın Rusiya ilə döyüşəcək gücü yoxdur. Çünki Ukraynanın nə peşəkar siyasi komandası, nə də böyük imkanları var. Zelenski isə bu müharibədə teleulduz olub. Təkcə siyasi bəyanatla iş həll olunmur. 1992-ci ildə Azərbaycanın yaşadıqlarını indi Ukrayna yaşayır. Bunun nəticələri isə çox ağır olacaq. Avropa İttifaqı heç bir halda Rusiyanın qarşısında dayana bilməyəcək. Rusiya çox aqressivləşib. Putin artıq paranoid qərarlar qəbul edir. Ukrayna hərbçilərini hərbi çevrilişə səslədi. Normal dövlət başçısı belə bir ifadə işlətməz. Görünən budur ki, böyük bəlalar qarşıdadır”.
Şəbnəm Mehdizadə,
KONKRET.az

nuriyev, çox bəsit analizdir….siz böyük savaşların tarixini heç də indiki zamana inikas edə bilməzsən….indiki müharibələr çox istiqamətlidir- enerji, qida, su, maliyyə, internet, silah… ona görə ki, müasir dövlətlərin təməli bu ünsürlər olacaq və artıq var….