Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Cenevrədə keçirilən görüşlər və danışıqlar günü son dərəcə aktiv keçib. Ukrayna nümayəndə heyəti ABŞ tərəfi ilə yanaşı, Avropa tərəfdaşları ilə də bir sıra danışıqlar aparıb.
KONKRET.az-ın xəbərinə görə, Zelenski vurğulayıb ki, danışıqlar çox dərin və əhatəli olub, müharibənin sona çatdırılması üçün lazım olan addımlar diqqətlə işlənir. “Diplomatiya aktivdir və bu, yaxşıdır. Əsas məqsəd – düzgün addımlar atmaq, etibarlı sülhün təmin olunması, Ukrayna vətəndaşlarının təhlükəsizliyi və hər bir müdafiəçinin fədakarlığının qiymətləndirilməsidir”, – deyə o əlavə edib.
Prezident bildirib ki, görüşlər gecə saatlarına qədər davam edəcək və Ukrayna nümayəndə heyəti bundan sonra da hesabatlar təqdim edəcək. Zelenski həmçinin qeyd edib ki, ABŞ tərəfi Ukraynanın mövqeyini dinləyir və Prezident Trampın komandası ilə danışıqlar konstruktiv şəkildə aparılır.
O əlavə edib ki, Ukrayna müharibəni istəməyib və heç vaxt sülh yolunda maneə olmayacaq. “Bizim gücümüz – dövlətimizin və xalqımızın birgə mövqeyindədir”, – deyə Zelenski vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
