“Zimbabvenin paytaxtını, zəhmət olmasa…” – Altı yaşlı uşağa verilən SUAL – PAMFLETbackend

"Zimbabvenin paytaxtını, zəhmət olmasa..." - Altı yaşlı uşağa verilən SUAL - PAMFLET

Vəli Həsənov

Uşaqlardan söhbət düşəndə ağız dolusu danışıb, fidan balalara gələcəyimizdir deyirik. Həmişə də bildiririk ki, uşaqlar xüsusi diqqət və qayğı ilə əhatə olunmalıdır. Bəzən azyaşlılar haqqında elə pafoslu sözlər səslənir ki, təzədən adam uşaq olub yenidən tay-tuşları ilə oynamaq, məktəbə getmək həvəsinə düşür. Amma uşaqlara münasibəti görəndə bu arzu-həvəs anınadaca yox olur. Daha doğrusu, bir də dönüb uşaq olmaq sevdasını yaxına da buraxmırsan.

Altı yaşlı körpənin məktəbə getmək üçün məhşər ayağına çəkildiyini görən hansı ağıllı təzədən uşaq olmaq istəyər.

Təsəvvür elə, cəmi altı yaşın var, valideyinlərin səni məktəbə aparır və orada isə qaraqabaq xalalar və əmilərlə rastlaşırsan. Onların üzünə şirin təbəssümlə baxmaq cəhdin sifətində donub qalan gülüşlə birgə yox olur. Gözün atanı axtarır və elə bu an qalın bir səs: “Mozambikin paytaxtı haradır” deyə nərə çəkir.

Bu dəhşətli səsdən özünü itirirsən. Elə bilirsən kimsə atanın üstünə qışqırır. Gözünü döyüb, atanın üzünə baxırsan. Ata isə utana-utana “bir qədər qəliz sualdır, bunu çətin bilər” deyib uşağa haqq qazandırır.

“Onda 2-ci suala cavab versin. Bu dəfə də sussa qəbul edilməyəcək”. Ata ümid dolu nəzərlərlə uşağa baxır. “Hə mənim ağıllı balam şirin dilini işə sal” deyib başını sığallayır.

Növbəti sualın təsirindən ata özü şoka düşür. Qulaqlarına inanmır – Sual necə oldu-deyə təkrar edir. Dəhşətli səs bir də hayqırır “Zimbabvenin paytaxtını zəhmət olmasa”…

Sən demə, baxışlarından zəhrimar yağan bu əminin vahiməli səsində guruldayan tükürpədici suallar 6 yaşlı körpəyə ünvanlanıbmış. Uşaq isə kiminsə atasıyla mübahisə etyini zənn edib vahimələnir.

Elə bu an zəhimli əminin qorxulu səsi uşağın qulağında yenidən cingildəyir:

“Bu heç nə bilmir, hazır deyil, biz belə uşağı 1-ci sinifə götürə bilmərik” deyib, üzünü başqa istiqamətə çevirir. Eyni templə: “Nil çayının uzunluğu nə qədərdir”,- deyə hayqırır.

Altı yaşlı uşaqların başına gətirilən bu həngamədən sonra hansı ağıllı yenidən uşaq olmaq arzusuna düşər? Şəxsən mənlik deyil.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*