Gürcüstan Prezidenti Salome Zurabişvili eks-prezident Mixail Saakaşvilinin Batumidə olması ilə bağlı bəyanatlarının seçkiqabağı vəziyyəti gərginləşdirdiyini hesab edir və siyasətçiləri küçə çıxışlarından çəkinməyə çağırıb.
KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Zurabişvili video-müraciətində deyib:
“Bu, doğrudur, ya yox, bilinməsə də, bir şey aydındır: bu mövzu seçkiqabağı mühiti məhv edir, onsuz da yorğun və gərgin cəmiyyəti daha da gərginləşdirir. O, (Saakaşvili-red.) ölkə və ədalətli seçkilər barədə fikirləşmir, oktyabrın 3-də küçələrə çıxıb sabitliyi pozmağa təhrik edir”.
Zurabişvili məsələyə lağ edərək yanaşmaq əvəzinə ictimaiyyətə həqiqəti deməli və asayişi qorumalı olan səlahiyyətliləri də tənqid edib:
“Ölkəyə və onun gələcəyinə biganə qalmayan heç kəs odla oynamamalıdır. Düşünmürəm ki, bu zaman yenidən qayıdacaq. Hamını məsuliyyətli olmağa çağırıram. Ölkənin sabitliyi – ümumi marağımızdır”.
