17 illik inamın zəfəri: Prezidentin Şuşadan verdiyi mesajlarbackend

17 illik inamın zəfəri: Prezidentin Şuşadan verdiyi mesajlar

“23 ilə yaxındır, prezident kürsüsündəyəm, bu illər ərzində Azərbaycan haradan haraya gəlib, bunu xalqımız yaxşı bilir.”

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi bu cümlə təkcə ötən dövrə verilən siyasi qiymət deyil, həm də müstəqil Azərbaycanın son iyirmi ildən artıq müddətdə keçdiyi inkişaf yolunun ümumiləşdirilmiş ifadəsidir. Bu sözlərdə həm dövlət quruculuğunun mərhələləri, həm işğal illərinin ağrısı, həm də Zəfərlə başa çatan uzun gözləntinin fəlsəfəsi əks olunur.

Şuşadan verilən bu mesajlar bir daha göstərdi ki, Azərbaycanın son onilliklərdə keçdiyi yol yalnız iqtisadi göstəricilərlə ölçülən inkişaf hekayəsi deyil. Bu, eyni zamanda səbir, strateji planlaşdırma, diplomatik mübarizə, hərbi hazırlıq və ən əsası, xalqla dövlət arasında qurulan qarşılıqlı etimadın tarixidir.

Prezident çıxışında keçmiş məcburi köçkünlərlə görüşlərini xatırlayaraq diqqətçəkən bir məqama toxundu: “Onlara deyirdim ki, mənə inanın, biz bu torpaqlara qayıdacağıq.” Bu cümlə siyasi ritorikadan daha artıq məna daşıyır. Çünki işğal dövründə yüz minlərlə insan üçün doğma yurd anlayışı artıq xatirəyə çevrilmişdi. İllər keçdikcə yaşlı nəsil dünyasını dəyişir, gənc nəsil isə doğulduğu torpaqları yalnız valideynlərinin xatirələrindən tanıyırdı. Belə bir şəraitdə “qayıdacağıq” demək təkcə ümid vermək deyildi. Bu, uzunmüddətli dövlət strategiyasının ifadəsi idi. Prezidentin dediyi kimi, insanlar 17 il bu vədə inanaraq gözlədilər. Siyasətdə uzun müddət eyni məqsədə sadiq qalmaq nadir hallarda rast gəlinən hadisələrdəndir. Dünyanın müxtəlif regionlarında uzun illər davam edən münaqişələrin bir çoxunda siyasi hakimiyyətlər dəyişdikcə prioritetlər də dəyişib. Azərbaycanda isə Qarabağın azad olunması dövlət siyasətinin dəyişməyən əsas istiqaməti olaraq qaldı. Prezident çıxışında diqqət çəkən başqa bir məqam insanların gözlərindəki ümidsizlikdən danışması idi. Bu etiraf emosional təsir bağışlasa da, əslində siyasi baxımdan da mühüm məna daşıyır.

Uzun sürən münaqişələr cəmiyyətlərdə yorğunluq yaradır. İnsanlar zaman keçdikcə problemlərin həllinə inamlarını itirməyə başlayırlar. Məcburi köçkünlərin həyatında da bu proses müşahidə olunurdu. Onlar müvəqqəti məskunlaşdıqları yerlərdə yeni həyat qurmağa çalışsalar da, doğma torpaqlara qayıtmaq arzusu heç vaxt tamamilə yox olmurdu. Lakin illər uzandıqca bu arzunun reallaşacağına inananların sayı azalırdı. Belə məqamda siyasi liderin əsas vəzifəsi yalnız idarəetmə deyil, cəmiyyətin psixoloji dayanıqlığını qorumaqdır.

Prezidentin çıxışında bu məqam xüsusi vurğulandı. Heç vaxt unuda bilmədiyimiz bir məsələ də var: Müharibəyə aparan yol bir gündə qurulmadı. 44 günlük Vətən müharibəsi bəzən yalnız hərbi əməliyyatlar prizmasından qiymətləndirilir. Əslində isə həmin qələbənin əsası uzun illər əvvəl qoyulmuşdu. Ordunun müasirləşdirilməsi, müdafiə sənayesinin inkişafı, iqtisadi potensialın artırılması, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və diplomatik fəaliyyət paralel şəkildə həyata keçirilirdi. Bu baxımdan 2020-ci ilin payızı illərlə davam edən hazırlığın kulminasiya nöqtəsi idi. Qələbə təkcə cəbhədə deyil, siyasi və iqtisadi müstəvidə də formalaşmış üstünlüyün nəticəsi kimi meydana çıxdı. Müharibədən sonrakı dövr də ən azı siyasi baxımdan çox mürəkkəb idi. Prezident çıxışında xüsusi bu məqamə da xüsusi vurğuladı ki, müharibədə qalib gəlmək həmişə sülh dövrünü rahat keçirmək demək deyil. Əksinə, məhz müharibədən sonra diplomatik mübarizə daha da intensivləşir. Prezident qeyd etdi ki, Azərbaycanın qələbəsini qəbul etmək istəməyən müxtəlif dövlətlər, siyasi dairələr və maraq qrupları mövcud idi. Bu, beynəlxalq siyasətin reallığıdır. Hər bir regionda geosiyasi maraqlar toqquşur və həmin maraqlar bəzən münaqişələrin həllindən daha üstün tutulur. Azərbaycan da müharibədən sonra belə bir mürəkkəb diplomatik mühitlə üz-üzə qaldı. Ona görə də həmişə belə deyilir: Qələbəni qorumaq bəzən qələbəni qazanmaq qədər çətin olur. Bununla bağlı tarixdə çoxlu nümunələr var ki, hərbi uğurlar sonradan siyasi masada zəiflədilib. Prezidentin “qələbəmizi əlimizdən almaq, onu yarımçıq etmək istəyirdilər” fikri məhz bu təhlükəyə işarə edir. Hərbi əməliyyatlar başa çatdıqdan sonra informasiya müharibəsi, diplomatik təzyiqlər, beynəlxalq təşkilatlar vasitəsilə müxtəlif təşəbbüslər və siyasi manipulyasiyalar yeni mərhələyə keçmişdi. Azərbaycan isə bu dövrdə həm diplomatik, həm hüquqi, həm də siyasi mübarizəni paralel şəkildə davam etdirdi. Nəticədə ölkə postmünaqişə dövrünün əsas gündəliyini özü müəyyənləşdirə bildi.

Bu günkü Forumun fonunda təbii olaraq belə bir sual da meydana çıxır: Şuşadan səslənən mesaj niyə məhz indi vacibdir? Əvvəla, Prezidentin bu fikirləri təsadüfən məhz Şuşada səsləndirməsi də xüsusi simvolik məna daşıyır. Vaxtilə işğal altında olan şəhər bu gün beynəlxalq media forumlarına ev sahibliyi edir. Bu dəyişiklik Azərbaycanın keçdiyi tarixi yolun ən aydın göstəricilərindən biridir. Bir vaxtlar dağıdılmış küçələrdə bu gün müxtəlif ölkələrdən gəlmiş jurnalistlər, ekspertlər və media nümayəndələri gələcəyin informasiya təhlükəsizliyi, sülh və əməkdaşlıq məsələlərini müzakirə edirlər. Bu mənzərə özlüyündə siyasi mesajdır.

“Azərbaycan haradan haraya gəlib” ifadəsi ölkəmizin müstəqillik tarixinə sadə qimətidir. Müzəffər Ali Baş Komandanın sözləri bu mənada yalnız ərazi bütövlüyünün bərpası kimi başa düşülməməlidir. Çünki son 23 ildə ölkədə minlərlə kilometr avtomobil yolu çəkilib, yeni hava limanları istifadəyə verilib, enerji infrastrukturu genişləndirilib, beynəlxalq nəqliyyat dəhlizləri yaradılıb, sosial proqramlar həyata keçirilib. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətlərdən biridir. Orta Dəhliz layihəsində əsas tranzit ölkələrdən biri kimi çıxış edir. Bütün bunlar ölkənin beynəlxalq çəkisini artıran amillərdir.

Yuxarıda sadalanan böyükmiqyaslı amillər dövlətlə vətəndaş arasında qurulan münasibəti daha da dərinləşdirdiə dair idi. Biz hər birimiz çox yaxşı dərk etməliyik ki, 17 il davam edən gözlənti yalnız siyasi qərarlarla mümkün olmazdı. Bu, ilk növbədə qarşılıqlı inamın nəticəsi idi. Xalq dövlətin strateji xəttini dəstəklədi, dövlət isə qarşıya qoyduğu məqsəddən geri çəkilmədi. Məhz bu qarşılıqlı etimad Azərbaycanın müasir tarixinin həlledici amillərindən biri kimi qiymətləndirilə bilər.

Beləliklə, Prezidentin çıxışı eyni zamanda müasir dövrdə informasiya məkanı ən azı hərbi və diplomatik sahələr qədər əhəmiyyətli olduğunu göstərdi. Çünki münaqişələr təkcə döyüş meydanında deyil, həm də informasiya platformalarında gedir. Bu səbəbdən medianın obyektivliyi, faktlara söykənməsi və ictimai məsuliyyəti xüsusi əhəmiyyət daşıyır. Şuşadan verilən mesajlardan biri də budur ki, həqiqətin qorunması milli təhlükəsizliyin ayrılmaz hissəsidir.

KONKRET.az-ın ANALİTİK QRUPU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*