Televiziya dövrü başa çatır – Sosial media meydan sulayır – Mühüm mesajlarbackend

Televiziya dövrü başa çatır – Sosial media meydan sulayır - Mühüm mesajlar

Smartfonların və sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrilməsi ənənəvi televiziyanın auditoriyasına ciddi təsir göstərib. Tamaşaçı artıq xəbərləri, analitik proqramları və əyləncəli məzmunu müəyyən saatda televizor qarşısında gözləmək əvəzinə, istədiyi vaxt və istədiyi platformadan izləyə bilir. Bu dəyişiklik dövlət televiziyaları ilə yanaşı, bütün ənənəvi televiziya kanarları qarşısında yeni çağırışlar yaradır.

Bəs ənənəvi televiziya sosial media və onlayn platformaların sürətli inkişafı fonunda tamaşaçını necə özündə saxlaya bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan media eksperti Azər Həsrət bildirib ki, televiziyaların sosial media və onlayn platformalarla rəqabətdə əvvəlki mövqelərini qoruması getdikcə çətinləşir.

Azər Həsrət

Ekspertin sözlərinə görə, hazırda informasiya məkanında rəqabət xeyli güclənib:

“Ümumi götürsək, qiymətləndirmə verə bilərəm. Artıq rəqabət güclənib. Ümumiyyətlə, televiziyaların sosial mediaya, onlayn platformalara uduzmaması üçün artıq biz nəsə edə bilməyəcəyik. Televiziyaya meyillər getdikcə azalır. Hər birimizin cibində telefon var və biz istənilən mövzuda məzmuna baxa bilirik”.

Azər Həsrət qeyd edib ki, tamaşaçı artıq konkret saatda televizor qarşısında əyləşərək hansısa verilişi və ya xəbəri gözləməyə ehtiyac duymur:

“Belə seçim imkanı varsa, niyə gedib evdə konkret saatda hansısa filmə, xəbərə baxmalıyam? Məsələn, alternativlər varkən saat 8-də xəbərlərimi gözləyəcəyəm, yoxsa 8-ə qədər onlayn platformalarda, alternativ mənbələrdə həmin xəbərləri daha operativ şəkildə alacağam? Əlbəttə, ikinci variantı seçirlər”.

Ekspert hesab edir ki, televiziyalar sosial şəbəkələr və onlayn platformalarla rəqabətdə yalnız ənənəvi yayım modelinə sadiq qalmaqla uğur qazana bilməz:

“Televiziyalar artıq onlayn platformalara və gələcəkdə icad olunacaq başqa platformalara qalib gələ bilməyəcəklər. Televiziya öz məzmununu onlayn platformaların məzmunu ilə ayaqlaşa biləcək şəkildə hazırlamalıdır. Elə edilməlidir ki, insanlar həmin məzmuna televiziyadan da baxsınlar”.

Azər Həsrət televiziyanın özünün də artıq fərqli şəkildə dəyərləndirilməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, televiziya yalnız evdə yerləşən cihaz kimi qəbul edilməməlidir:

“İkincisi, televiziya deyəndə masaüstündə qoyduğumuz cihazı nəzərdə tutmamalıyıq. O, sadəcə informasiyanın ötürülməsi üçün istifadə olunan qurğudur. Biz elə bir şey də fikirləşməliyik ki, insanlar televizorda baxmasalar belə, başqa qurğularda – planşetdə, smartfonda, kompüterdə televiziyanın istehsal etdiyi məzmuna baxsınlar. Bu artıq çıxış yoludur”.

Media eksperti hesab edir ki, televiziyaların gələcək strategiyası məzmunun rəqəmsal platformalara uyğunlaşdırılması, operativliyin artırılması və auditoriyanın müxtəlif cihazlardan həmin məzmuna çıxışının təmin edilməsi üzərində qurulmalıdır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*