Universitetlərdə yeni trend: Alimlərin yerini blogerlər tuturbackend

Universitetlərdə yeni trend: Alimlərin yerini blogerlər tutur

Ali təhsil müəssisələrində tələbələrlə keçirilən görüşlərdə son illər tanınmış blogerlərin, müğənnilərin və sosial media fəallarının iştirakı diqqət çəkir. Halbuki əvvəlki illərdə, xüsusilə sovet dövründə və sonrakı mərhələdə universitetlərdə tələbələrlə görüşlərə əsasən şair və yazıçılar, tanınmış alimlər, elm adamları, mühəndislər, pedaqoqlar və öz sahəsində fundamental uğurlar qazanan şəxslər dəvət olunurdu.

Belə görüşlərin əsas məqsədi tələbələrin dünyagörüşünü genişləndirmək, onların peşəkar inkişafına töhfə vermək, elm, təhsil, mədəniyyət və əmək sahəsində uğur qazanmış insanların təcrübəsini gənclərə çatdırmaq idi.

Bəs bu ənənə niyə arxa plana keçib? Universitetlərdə tələbələrlə görüşlərə blogerlərin və sosial media fəallarının dəvət olunması hansı zərurətdən irəli gəlir? Sosial şəbəkələrdə çoxsaylı izləyiciyə malik olmaq həmin şəxsin avtomatik olaraq tələbələr üçün nümunə və təcrübə mənbəyinə çevrildiyini göstərirmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, bu tendensiyanın əsas səbəblərindən biri sosial medianın cəmiyyətin, xüsusilə də gənclərin həyatında mühüm rol oynamasıdır.

Ekspertin sözlərinə görə, bu gün blogerlər və müğənnilər bir çox hallarda alimlərdən, elm və təhsil mütəxəssislərindən daha çox tanınırlar:

“Dövrün tələbi sosial mediadır. Təəssüflər olsun ki, artıq tanınmışlıq daha çox sosial şəbəkələrdəki aktivliklə ölçülür. Lakin şəxsin məşhur olması heç də onun fəaliyyətinin məzmunlu və faydalı olduğu anlamına gəlmir”.

R.Nurəliyev hesab edir ki, universitet rəhbərlikləri də bu tendensiyanın formalaşmasında müəyyən məsuliyyət daşıyır. Onun fikrincə, tələbələrin marağı əsas götürülərək hər tanınmış şəxsin ali təhsil müəssisəsinə dəvət olunması düzgün yanaşma deyil:

“Universitet rəhbərliyi də buna şərait yaradır. “Dövrün tələbi budur” deyə, tələbələrin istək və arzularını reallaşdırmağa çalışırlar. Bu gün universitetlərin müxtəlif tədbirlərində, o cümlədən məzun günlərində blogerlərin, sosial media fəallarının və müğənnilərin dəvət olunduğunu görürük”.

Ekspert vurğulayıb ki, universitet yalnız təhsil verən müəssisə deyil, eyni zamanda gənclərin dünyagörüşünün, dünyaya baxışının və şəxsiyyətinin formalaşdığı mühüm sosial mühitdir.

“Çox təəssüf ki, gənclərin istək və arzuları bəzən bu istiqamətdə formalaşır. Ali təhsil müəssisələrinin rəhbərliyi isə bu məsələyə daha məsuliyyətli yanaşmalıdır. Tələbələrin diqqətini cəlb etmək naminə istənilən tanınmış şəxsin universitetə gətirilməsi doğru deyil”, – deyə o qeyd edib.

R.Nurəliyev belə görüşlərin ilk növbədə tələbələrin ixtisasına və tədbirin mövzusuna uyğun təşkil edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, tələbələrin qarşısına öz sahəsində uğur qazanmış, peşəkar və nümunəvi şəxslərin çıxarılması daha məqsədəuyğundur:

“Bloger tələbəyə nə öyrədəcək? Bloger öz tərbiyəsini tələbəyə öyrədəcək. Belə olmamalıdır. Tələbələrlə alimlər görüşməlidir. Mədəniyyət və incəsənət ixtisasları üzrə təhsil alan tələbələr üçün tanınmış aktyor və ya sənətçi dəvət oluna bilər. Pedaqoji ixtisaslar üzrə alimlər, mühəndislik istiqamətində isə tanınmış mühəndislər tələbələrlə görüşməlidir”.

Ekspertin fikrincə, universitetlərdə bu cür tədbirlərin təşkilində əsas meyar şəxsin sosial şəbəkələrdəki izləyici sayı deyil, onun biliyi, peşəkarlığı, həyat və iş təcrübəsi, eləcə də tələbələrə verə biləcəyi dəyər olmalıdır.

Əlbəttə, bu, blogerlərin, sənətçilərin və sosial media nümayəndələrinin universitetlərdə ümumiyyətlə iştirak etməməsi anlamına gəlmir. Xüsusilə kommunikasiya, media, marketinq, rəqəmsal texnologiyalar və yaradıcılıqla bağlı ixtisaslarda uğurlu sosial media mütəxəssislərinin təcrübəsindən faydalanmaq mümkündür. Lakin burada əsas məsələ tanınmışlıqla peşəkarlıq arasındakı fərqin nəzərə alınmasıdır.

Universitet tələbələrin yalnız dərs aldığı məkan deyil. Ali məktəb həm də gəncin düşüncə tərzinin, peşəkar dünyagörüşünün və gələcək həyat prinsiplərinin formalaşdığı mühitdir. Bu baxımdan tələbələrlə görüşlərə dəvət olunan şəxslərin seçimi də təsadüfi və yalnız populyarlıq meyarına əsaslanmamalıdır.

Nəticə etibarilə, əsas sual blogerin və ya sənətçinin universitetə dəvət olunub-olunmaması deyil, həmin görüşün tələbəyə nə qazandırmasıdır. Sosial mediada məşhur olmaq diqqəti cəlb edə bilər, lakin universitet mühitində əsas meyar diqqət deyil, dəyər yaratmaq, bilik və təcrübə paylaşmaq olmalıdır.

Beləliklə, ali məktəblər tələbələrin diqqətini cəlb etmək naminə sosial mediada məşhur şəxslərə üstünlük verməlidir, yoxsa universitetin əsas missiyasına uyğun olaraq gənclərin qarşısına elm, təhsil, mədəniyyət və peşə sahəsində nüfuz qazanmış şəxsləri çıxarmalıdır?

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*