İşğaldan azad edilmiş ərazilərə səfər etmək istəyən vətəndaşlar hələ də xüsusi portal üzərindən qeydiyyatdan keçərək icazə almalıdırlar. Müharibənin başa çatmasından illər keçməsinə baxmayaraq, doğma torpaqlara gediş-gəlişin tam sərbəst olmaması cəmiyyətdə müəyyən suallar doğurur. Xüsusilə ərazilərin bərpası və məskunlaşma prosesinin sürətləndiyi bir vaxtda portal vasitəsilə tətbiq olunan məhdudiyyətlərin nə vaxta qədər davam edəcəyi maraq doğurur.
Bəs işğaldan azad edilmiş ərazilərə giriş üçün tətbiq olunan portal nə vaxt ləğv edilə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyasının sədri Tural Abbaslı bildirib ki, işğaldan azad edilmiş ərazilərə girişlə bağlı tətbiq olunan portal, ilk növbədə, təhlükəsizlik məsələləri ilə əlaqədardır.

Onun sözlərinə görə, həmin ərazilərdə hələ də ciddi mina təhlükəsi mövcuddur:
“Çünki işğaldan azad olunmuş ərazilərdə ermənilər yüz minlərlə tank və piyada əleyhinə mina basdırıblar. Ümumi nəzarət və qeydiyyat olmasa, insanların bu ərazilərə gediş-gəlişi tam sərbəstləşsə, insan itkiləri çox ola bilər”.
Tural Abbaslı qeyd edib ki, ərazilərin minalardan tam təmizlənməsi başa çatana qədər giriş-çıxışın müəyyən mexanizm əsasında həyata keçirilməsi vacibdir:
“Tank əleyhinə və piyada əleyhinə minalar tam təmizlənilənə qədər portalın olması insanların təhlükəsizliyi baxımından önəmlidir. Qeydiyyatdan keçən şəxslərin kim olduğu və hara getdiyi hüquq-mühafizə orqanlarına məlum olur. Onların ərazidə qalma müddəti də müəyyənləşdirilir. Əks halda insanlar nəzarətsiz şəkildə öz kəndlərinə, keçmiş yurdlarına axın edə bilərlər”.
Partiya sədri hesab edir ki, portal və qeydiyyat sistemi insanların doğma torpaqlarına səfər imkanlarını müəyyən qədər məhdudlaşdırsa da, hazırkı mərhələdə təhlükəsizliyin təmin olunması baxımından zəruri nəzarət mexanizmi kimi çıxış edir:
“Təbii ki, insanın öz torpağında portal vasitəsilə hərəkət etməsi xoş deyil. Amma ümumi təhlükəsizlik baxımından bu mexanizm hələlik vacibdir”.
Tural Abbaslı hesab edir ki, əsas diqqət portalın nə vaxt ləğv ediləcəyindən daha çox, ərazilərin minalardan təmizlənməsi prosesinin sürətləndirilməsinə yönəldilməlidir.
Onun fikrincə, mina təmizləmə işlərinin daha sürətli aparılması üçün bu istiqamətə ayrılan maliyyə və resurslar artırılmalı, daha çox mütəxəssis cəlb edilməli, müasir texnologiyalardan geniş istifadə olunmalıdır:
“Biz bu məsələyə başqa tərəfdən də yanaşa bilərik: Minaların təmizlənməsi prosesi niyə ləng gedir? Bu istiqamətdə maliyyələşmə və insan resursları niyə artırılmır? Müasir və innovativ texnologiyalardan daha geniş istifadə edilməsinin qarşısını nə alır? Xarici ölkələrdən daha çox mütəxəssisin cəlb olunması niyə mümkün deyil?”
Ağ Partiyasının sədri hesab edir ki, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi tam aradan qaldırılmadan insanların sərbəst şəkildə həmin ərazilərə buraxılması ciddi fəsadlara səbəb ola bilər:
“Bu torpaqlar minalardan tam təmizlənmədiyi müddətdə biz insan tələfatı ilə üzləşəcəyik. Bu isə qəbuledilməzdir”.
Beləliklə, Tural Abbaslının fikrincə, işğaldan azad edilmiş ərazilərə giriş portalının ləğvi birbaşa mina təhlükəsinin aradan qaldırılması və ərazilərdə təhlükəsizliyin tam təmin olunması ilə bağlıdır.
Aynurə İsmayıl
KONKRET.az
