1957-ci ildə xəbərdarlıq etdi, 2015-ci ildə hökumət hərəkətə keçdi: transyağların gizli təhlükəsibackend

1957-ci ildə xəbərdarlıq etdi, 2015-ci ildə hökumət hərəkətə keçdi: transyağların gizli təhlükəsi

Fred Kummerou hələ 1957-ci ildə amerikalıları xəbərdar etmişdi: marqarinin tərkibindəki yağlar insanların ölümündən sonra damarlarında aşkar edilirdi. Lakin ABŞ hökuməti bu məsələyə yalnız 2015-ci ildə ciddi reaksiya verdi. Alim özü isə 100 ildən çox yaşadı.

İllinoys Universitetində biokimyaçı kimi çalışan Kummerounun apardığı araşdırma həm sadə, həm də bir qədər ürküdücü idi. O, ürək-damar xəstəliklərindən ölən insanların toxuma nümunələrini əldə edərək onların damarlarının tərkibini araşdırdı.

Nəticələr diqqətçəkən idi: damarlarda böyük miqdarda transyağlar aşkarlanmışdı. Bunlar təbiətdə demək olar ki, rast gəlinməyən yağ növüdür və 1950-ci illərdə əsasən hidrogenləşdirilmiş bitki yağlarından və marqarindən insan orqanizminə daxil olurdu. Halbuki həmin dövrdə amerikalılara kərə yağının əvəzinə məhz bu məhsullardan istifadə etmək tövsiyə edilirdi.

Kummerou araşdırmasının nəticələrini nüfuzlu “Science” jurnalında dərc etdirdi. O zaman onun 43 yaşı vardı.

Bundan sonra isə uzun illər davam edən mübarizə başladı. Kummerou transyağların sağlamlıq üçün yaratdığı təhlükə barədə xəbərdarlıqlarının eşidilməsinə çalışırdı. Lakin qida və neft sənayesinin müxtəlif komitələrdəki təsiri, eləcə də onun tədqiqatlarına ayrılan maliyyənin azalması alim üçün ciddi maneələr yaradırdı.

1968-ci ildə Kummerou Amerika Ürək Assosiasiyasının komissiyasını transyağların təhlükəsi barədə xəbərdarlıq etməyə razı saldı. Lakin bitki yağları istehsalçılarının sənədin layihəsi ilə tanış olmasından sonra həmin xəbərdarlıq yekun mətndən çıxarıldı.

Kummerou isə geri çəkilmədi.

O, 90 yaşından sonra belə laboratoriyasını saxlayır və tədqiqatlarını davam etdirirdi. Hətta jurnalistlərlə söhbətlərində sağlamlığına zərərli olduğu deyilən qidalardan – kərə yağında bişirilmiş yumurtadan, tam yağlı süddən və ətdən istifadə etdiyini açıq şəkildə bildirirdi. O, özünün ifadəsi ilə desək, damarlarının daxilinə baxır və səhər yeməyini orada “görmürdü”.

2009-cu ildə, 94 yaşında olarkən Kummerou ABŞ Qida və Dərman Administrasiyasına (FDA) rəsmi müraciət edərək süni transyağların qadağan edilməsini tələb etdi. Qanunvericiliyə əsasən, FDA bu müraciətə 180 gün ərzində cavab verməli idi.

Lakin dörd il keçdi və cavab gəlmədi.

2013-cü ildə, artıq 98 yaşında olan Kummerou ABŞ hökumətinə qarşı məhkəməyə müraciət etdi.

Bundan bir neçə ay sonra FDA qismən hidrogenləşdirilmiş yağların artıq GRAS – “ümumiyyətlə təhlükəsiz hesab edilən” məhsullar statusuna uyğun olmadığını elan etmək niyyətində olduğunu açıqladı.

2015-ci ildə isə FDA yekun qərarını verdi. İstehsalçılara yeni tələblərə keçid üçün vaxt tanındı və 2018-ci ilə qədər sənaye üsulu ilə istehsal olunan transyağlar ABŞ-ın qida sistemindən faktiki olaraq çıxarıldı.

Beləliklə, Kummerounun ilk araşdırmaları ilə FDA-nın yekun qərarı arasında 60 ilə yaxın vaxt keçdi.

Alim 2017-ci ildə, 102 yaşında vəfat etdi.

Lakin ömrünün son illərində Kummerou başqa bir məsələyə də diqqət çəkirdi. Onun fikrincə, problem yalnız yumurtanın tərkibindəki xolesterinlə bağlı deyildi. Alim xüsusilə yemək bişirmək üçün istifadə olunan bitki yağlarına diqqət yetirirdi. Onun sözlərinə görə, bu yağların dəfələrlə qızdırılması və oksidləşməsi sağlamlıq baxımından ayrıca risk yarada bilər.

Kummerounun transyağlarla bağlı mübarizəsi nəticə etibarilə ABŞ-da qida sənayesinin dəyişməsinə səbəb oldu. Lakin onun bitki yağları ilə bağlı son xəbərdarlıqları ətrafında müzakirələr hələ də davam edir.

Hazırladı: KONKRET.az-ın Araşdırma Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*