Azərbaycanda pensiya yaşına çatdıqdan sonra da rəsmi əmək müqaviləsi olmadan çalışmağa davam edənlərin sayı az deyil. Lakin bu şəxslərin adına sosial sığorta haqlarının ödənilməməsi gələcəkdə pensiyalarının yenidən hesablanması və ya əlavə pensiya hüquqlarının yaranması ilə bağlı suallar doğurur.
Bəs rəsmi işləməyən şəxslərin pensiyasının artırılması mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, qüvvədəki qanunvericiliyə əsasən, rəsmi əmək münasibətləri olmadan çalışan şəxslərin pensiya kapitalı formalaşmır.

“Pensiya kapitalı olmadığı üçün onların pensiyalarının yenidən hesablanması və artırılması mümkün deyil. Bu məsələ qanunvericilikdə açıq şəkildə öz əksini tapıb.
Bu qaydanın bir istisnası mövcuddur. 65 yaşdan sonra vətəndaş rəsmi qaydada işləyərək müəyyən məbləğdə pensiya kapitalı formalaşdırarsa, 6 il tamam olduqdan sonra onun pensiyası yenidən hesablanır. Bu zaman sistem avtomatik olaraq yaşa görə pensiyanı dayandırır və şəxsə əmək pensiyası təyin edilir. Nəticədə pensiyanın məbləği artır”.
İqtisadçı vurğulayıb ki, vətəndaş 65 yaşına qədər yalnız qeyri-rəsmi işləyibsə, həmin əmək fəaliyyəti hüquqi baxımdan iş stajı və ya pensiya kapitalı kimi qəbul edilmir.
“Qeyri-rəsmi əmək fəaliyyəti sübut kimi qəbul edilmir. Belə şəxslərin işlədiyi illəri sonradan pensiya hesablanarkən nəzərə almaq mümkün deyil. Çünki onların adına sosial sığorta haqları ödənilməyib və pensiya kapitalı formalaşmayıb”, – o, qeyd edib.
R.Abbasbəyli onu da vurğulayıb ki, dövlət tərəfindən həyata keçirilən ümumi pensiya artımları bütün müvafiq pensiya növlərinə şamil olunur. Lakin bu artımlar fərdi qaydada pensiyanın yenidən hesablanması anlamına gəlmir.
“Ölkədə pensiyalar üzrə ümumi indeksləşdirmə və ya sosial xərclərlə bağlı artımlar həyata keçirilərsə, həmin artımlar yaşa görə pensiya alan şəxslərə də tətbiq edilir. Ancaq uzun illər qeyri-rəsmi fəaliyyət göstərən vətəndaşın sonradan işləmiş kimi göstərilərək pensiyasının artırılması qanunvericiliyə uyğun deyil”.
Aynurə İsmayıl
KONKRET.az
