76 saniyədə bir avtomobil – Çin dünya fabrikindən texnologiya nəhənginə çevrilir – Qərb təşvişdəbackend

76 saniyədə bir avtomobil - Çin dünya fabrikindən texnologiya nəhənginə çevrilir - Qərb təşvişdə

Çin uzun illər ərzində dünyada əsasən ucuz işçi qüvvəsi hesabına aşağı qiymətli məhsullar istehsal edən ölkə kimi tanınırdı. Lakin son illərdə bu mənzərə sürətlə dəyişir. Pekin elektrik avtomobilləri, robototexnika, elektronika və digər yüksək texnologiyalı sahələrdə Qərb ölkələrinin uzun müddət qoruduğu mövqelərə ciddi şəkildə yaxınlaşıb.

“The Washington Post”un təhlilinə görə, Çinli istehsalçılar avtomatlaşdırma, innovativ dizayn, inkişaf etmiş logistika və dövlət dəstəyi hesabına getdikcə daha çox yüksək texnologiyalı məhsul bazarında mövqelərini gücləndirirlər. Qəzet Çinin artıq yalnız “dünyanın fabriki” deyil, həm də qabaqcıl texnologiyaların mühüm istehsal mərkəzlərindən birinə çevrildiyini vurğulayır.

Dünya istehsalının üçdə biri Çinin payına düşür

BMT-nin Sənaye İnkişaf Təşkilatının (UNIDO) məlumatlarına əsasən, Çin qlobal istehsalın yaratdığı əlavə dəyərin təxminən 32 faizini formalaşdırır. Bu göstərici 2010-cu illə müqayisədə iki dəfə çoxdur və ABŞ, Almaniya, Yaponiya və Cənubi Koreyanın birlikdə yaratdığı göstəricini üstələyir.

UNIDO-nun daha yeni məlumatları da Çinin sənaye sektorundakı dinamikliyini təsdiqləyir. Təşkilatın məlumatına görə, 2024-cü ildə Çində istehsal əlavə dəyəri 4,9 faiz artıb. 2025-ci ilin son rübündə isə Çin istehsal artımına görə regionlar arasında ən yüksək göstəricilərdən birini nümayiş etdirib.

Bu dəyişiklik xüsusilə orta-yüksək və yüksək texnologiyalı sənaye sahələrində özünü göstərir. UNIDO-nun məlumatına görə, son dövrdə məhz bu sahələr qlobal istehsalda ən dinamik seqmentlərdən biri olub.

Zavodlarda insanları robotlar əvəz edir

Çinin sənaye modelində əsas dəyişikliklərdən biri avtomatlaşdırmadır.

Pekindəki Xiaomi avtomobil zavodu bunun əyani nümunələrindən sayılır. Zavodun rəsmi məlumatına görə, istehsal prosesində 700-dən çox robot fəaliyyət göstərir və əsas proseslər yüksək səviyyədə avtomatlaşdırılıb.

Pekin hökumətinin məlumatında da zavodun kuzov istehsalı xəttində 700-dən çox sənaye robotunun işlədiyi bildirilir. Müəssisə cəmi 230 gün ərzində 100 min avtomobil istehsal etmək göstəricisinə çatıb.

Müxtəlif istehsal videolarında Xiaomi zavodunda avtomobilin istehsal dövrünün təxminən 76 saniyəyə qədər endiyi göstərilir. Bu, avtomatlaşdırmanın istehsal sürətini nə qədər artırdığını nümayiş etdirir.

Robotlaşma iş yerlərinin sayını da azaldır

Lakin Çinin texnoloji sıçrayışının başqa tərəfi də var. “The Washington Post”un məlumatına görə, ölkənin istehsal sektorunda çalışanların sayı 2013-cü ildəki pik göstəricidən sonra 18 milyon nəfər azalıb. Bu prosesdə avtomatlaşdırmanın mühüm rolu olduğu bildirilir.

Qəzetin ayrıca araşdırmasına görə, Çində vaxtilə ölkənin iqtisadi yüksəlişinin əsas dayağı olan mavi yaxalı işçilərin bir hissəsi indi daha az sabit və daha aşağı gəlirli işlərə, o cümlədən platforma iqtisadiyyatına yönəlir.

Beləliklə, Çin bir tərəfdən istehsal gücünü və texnoloji imkanlarını artırır, digər tərəfdən isə avtomatlaşdırma ənənəvi sənaye iş yerlərinin sayını azaldır.

“İstehsal et, sonra istehlak et” modeli

Analitiklərin diqqət çəkdiyi əsas məsələlərdən biri də Çinin iqtisadi modelidir.

Pekin uzun müddətdir iqtisadi artımın əsas dayaqlarından biri kimi istehsala və ixraca üstünlük verir. Son illərdə isə bu siyasət daha yüksək texnologiyalı sahələrin inkişafı ilə tamamlanıb.

Xüsusilə elektrik avtomobilləri, litium-ion batareyaları, günəş panelləri, elektronika və sənaye avadanlıqları sahələrində böyük istehsal gücləri yaradılıb. “Washington Post”un digər təhlilinə görə, Çin hakimiyyəti daşınmaz əmlak sektorundakı zəifləmədən sonra istehsal güclərinə, o cümlədən elektrik avtomobilləri, batareyalar və günəş enerjisi texnologiyalarına əlavə investisiyalar yönəldib.

Nəticədə Çin şirkətləri xarici bazarlara daha çox məhsul çıxarmağa başlayıblar. Bu isə ölkənin ixracını və ticarət profisitini artırıb.

Çin üçün yeni mərhələ

Beləliklə, Çinin iqtisadi yüksəlişinin əvvəlki mərhələsində əsas üstünlük ucuz əmək və böyük istehsal potensialı idisə, yeni mərhələdə buna robotlaşdırma, süni intellekt, avtomatlaşdırılmış istehsal, yerli texnologiyalar və nəhəng logistika şəbəkəsi əlavə olunur.

Bu dəyişiklik qlobal sənaye rəqabətinin xarakterini də dəyişir. Əvvəllər Qərb şirkətlərinin üstün olduğu bir sıra yüksək texnologiyalı məhsullar indi Çin istehsalçıları tərəfindən daha böyük həcmdə və daha aşağı maya dəyəri ilə bazara çıxarılır.

UNIDO-nun son hesabatları da yüksək və orta-yüksək texnologiyalı sənayelərin qlobal istehsalda daha sürətlə inkişaf etdiyini göstərir. 2025-ci ilin dördüncü rübündə yüksək texnologiyalı məhsulların ixracı da əvvəlki rüblə müqayisədə 2,6 faiz artıb.

Bu mənzərə göstərir ki, Çin artıq sadəcə dünyanın ucuz məhsullar istehsal edən ölkəsi olmaqdan çıxıb. Pekin qlobal sənaye zəncirinin ən yüksək texnoloji pillələrinə yüksəlməyə çalışır və bunun üçün istehsal miqyası, avtomatlaşdırma, dövlət dəstəyi və daxili texnoloji imkanlarını bir araya gətirir.

Bu prosesin nəticəsi isə yalnız Çin üçün deyil, ABŞ və Avropa sənayesi, dünya ticarəti və qlobal əmək bazarı üçün də ciddi dəyişikliklər yaradır.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*