9 yaşında tualet təmizləyirdi, bu gün dünyanın ən böyük şirkətlərindən birinə rəhbərlik edir.
Bu, NVIDIA şirkətinin qurucusu və rəhbəri Censen Huangın hekayəsidir. O, bu gün Qazaxıstana səfər edib.
Censen Huang 1963-cü ildə Tayvanda anadan olub. Uşaqlığının bir hissəsini Taylandda keçirib. Onun 9 yaşı olanda valideynləri böyük qardaşı ilə birlikdə onu ABŞ-a göndəriblər. Özləri isə Taylandda qalıblar.
Qardaşlar Kentukki ştatında çətin tərbiyə olunan yeniyetmələrin də təhsil aldığı internat məktəbinə düşüblər. Orada böyük uşaqlar kiçikləri incidər, tez-tez davalar baş verərdi. Cəmi 9 yaşı olan Censenə isə tualetləri təmizləmək tapşırılmışdı.
Valideynləri ilə telefonla danışmaq belə baha başa gəlirdi. Buna görə də qardaşlar öz səslərini kasetə yazıb evə göndərirdilər. Valideynləri də cavablarını kasetə yazaraq onlara yollayırdılar.
Bir müddət sonra ailə ABŞ-da yenidən bir araya gəldi.
Censen yeniyetməlik illərində stolüstü tennisə ciddi maraq göstərirdi. Yarışlarda iştirak etmək üçün pul qazanmaq məqsədilə idman klubunda döşəmələri yuyurdu.

15 yaşında isə Denny’s restoranında işə düzəldi. Əvvəlcə qabları yuyur, masaları təmizləyirdi. Sonralar ofisiant kimi çalışmağa başladı.
1984-cü ildə Oreqon Dövlət Universitetini bitirərək elektrik mühəndisi ixtisasına yiyələndi. Daha sonra Stenford Universitetində magistr dərəcəsi aldı.
30 yaşında iki mühəndislə birlikdə NVIDIA şirkətini qurdu. Şirkətin iflas həddinə çatdığı çətin dövrlər də oldu. Lakin Censen işini davam etdirdi, ideyasına inandı və mübarizədən vaz keçmədi.
Bu gün NVIDIA süni intellekt sahəsində dünyanın aparıcı şirkətlərindən biridir. 63 yaşlı Censen Huang isə 33 il əvvəl yaratdığı şirkətə rəhbərlik etməkdə davam edir.
Və bu gün həmin insan Qazaxıstana gəlib.
Bu hekayədə mənim üçün əsas məsələ yalnız uğur qazanmaq deyil. Məni düşündürən odur ki, vaxtilə başqa ölkəyə balaca bir uşaq kimi gələn insan bu gün dünya texnologiya sənayesinin liderlərindən biri kimi başqa ölkələrə səfər edir.
İstər-istəməz bizim uşaqlarımız haqqında düşünürəm.
Bu gün Qazaxıstanda nə qədər istedadlı uşaq böyüyür? Kəndlərdə, kiçik şəhərlərdə, adi məktəblərdə… Onların arasında nə qədər gələcək mühəndis, alim, ixtiraçı var? Bəlkə də onlardan kimsə elə indi məktəb partasında oturub, gələcəkdə nələrə nail ola biləcəyinin fərqində belə deyil.
Censen Huang yüksək vəzifəli məmurun övladı deyildi. O, nəhəng bir şirkəti miras almamışdı. Onun yolu nüfuzlu qohumların əlaqələri üzərində qurulmamışdı.
O, yad bir ölkədə, demək olar ki, sıfırdan başlayaraq dünya miqyasında uğur qazana bildi.

Mən çox istəyirəm ki, Qazaxıstanda da hər bir uşağın belə bir şansı olsun. Kənddə böyüyən istedadlı bir oğlanın uğur qazanmaq üçün nüfuzlu qohum axtarmasına ehtiyac qalmasın. Adi ailədə böyüyən bir qızın alim olmaq və ya öz şirkətini qurmaq üçün varlı valideynlərə ehtiyacı olmasın.
İstəyirəm ki, ölkəmizdə tanışlıqdan daha çox biliyə, soyaddan daha çox bacarığa, əlaqələrdən daha çox zəhmətə dəyər verilsin.
Axı Qazaxıstanın ən böyük sərvəti onun uşaqlarıdır. Və onların arasında, şübhəsiz ki, gələcəyin Censen Huangları da var.
Hər bir qazaxıstanlı uşağa böyük uğurlar arzulayıram. Qoy onların gələcəyini valideynlərinin pulu və vəzifəsi deyil, öz bilikləri, zəhmətləri və özlərinə olan inamları müəyyən etsin.
İstəyirəm ki, bir gün bizim uşaqlarımız da elə zirvələrə yüksəlsinlər ki, adları bütün dünyada tanınsın. Qazaxıstan yalnız ölkəmizə gələn məşhur insanlarla deyil, həm də özünün yetişdirdiyi şəxsiyyətlərlə fəxr etsin.
Onun gənclik fotosuna baxıram və düşünürəm: görəsən, o vaxt bu oğlanın gələcəkdə kimə çevriləcəyini kimsə təsəvvür edə bilərdimi?
Müəllif: Gulnazım Umbətkalikızı
Tərcümə etdi: Rəsmiyyə Şərifova,
KONKRET.az
