Böyük Britaniyanın 97 yaşlı sakini Betti Bromaj (Betty Bromage) təyyarənin qanadında gəzərək Ginnesin Rekordlar Kitabına düşüb.
KONKRET.az xəbər verir ki, Çeltenhem şəhərindən olan yaşlı qadın uçan biplanın (4 qanadlı təyyarə) qanadı üzərində gəzən dünyanın ən yaşlı qadını kimi rekord müəyyən edib.
Ötən ilin avqustunda insult keçirməsinə və görmə problemlərinə baxmayaraq, cəsarətli təqaüdçü son on il ərzində artıq altıncı dəfə ekstremal hərəkətə imza atıb.
Betti bildirib ki, belə macəralar ona gündəlik həyatdan və yaşla bağlı məhdudiyyətlərdən uzaqlaşmağa kömək edir.
“Əks halda həyat sadəcə darıxdırıcı olar. Mən maşın sürə bilmirəm, görməyim zəifdir və buna görə bəzən məyus oluram. Ona görə də bacardığım işləri görmək istəyirəm. Yeganə çətinlik qanadın üzərinə çıxmaqdır, çünki boyum balacadır. Amma artıq orada olanda heç bir problem olmur. Əyləncə parklarında bəzi attraksionlar bundan daha qorxulu olur”, – deyə o qeyd edib.
Betti ekstremal addımlar üçün ilham mənbəyinin illər əvvəl tibb bacısı kimi çalışdığı xəstəxananın divarında gördüyü bir sitat olduğunu bildirib:
“Biz bu dünyadan yalnız bir dəfə keçirik… yaxşılığı indi edin, sonraya saxlamayın”.
Yaşlı qadın yeni rekordunu ona insultdan sonra yardım göstərən Çeltenhem ümumi xəstəxanasına həsr edib. Toplanan vəsait həmin tibb müəssisəsinə yönəldilib.
97 yaşlı Betti Bromaj isə dayanmaq fikrində deyil. O, artıq 100 illik yubileyində xüsusi bir şey etməyi planlaşdırır.
Natiq Səlim,
KONKRET.az

