1739-cu il oktyabrın 19-da Britaniya parlamentində “Rebekka” gəmisinin kapitanı Robert Cenkins çıxış etdi. O, dürüst ingilis centlmeni idi: bir az tacir, bir az qaçaqmalçı, bir az da pirat. Zaman belə idi. Əslində, elə indi də belədir.
Karib dənizində ticarət döyüşləri
Karib dənizi böyük Avropa dövlətlərinin, xüsusilə İngiltərə ilə İspaniyanın ticarət savaşı meydanı idi. İspaniya özünü daha güclü sayır və İngiltərədən yük daşımaq üçün illik inhisar kvotası ödəməsini tələb edirdi. Hətta müqavilə də bağlanmışdı: ona görə Britaniya İspaniyanın Amerikadakı koloniyalarına qara dərili qullar tədarük etmək üçün müstəsna hüquq alır və ora ildə cəmi bir ticarət gəmisi göndərə bilirdi.
Təbii ki, bu, İngiltərənin xoşuna gəlmirdi və Britaniya gəmiləri yüklərin böyük hissəsini nəzarətsiz daşıyırdı. Onda ispanlar sahil mühafizəsi yaratdılar. Onun gəmilərinə Madriddən bütün ticarət gəmilərini yoxlamaq hüququ verilmişdi. Kapitan Cenkinsin “Rebekka”sı da məhz belə bir yoxlamaya düşdü.
Bu hadisə 1731-ci il aprelin 9-da baş verdi: Britaniya gəmisini ispan hərbi gəmisi “La İzabela” saxladı. İspan dənizçilər iddia edirdilər ki, Britaniya gəmisini yoxlayıb və qaçaqmalçılığa dair sübut tapıblar, xüsusən də ispan koloniyalarına Britaniya romu daşınmasına dair. İngilis kapitan etiraz etməyə cəhd edəndə onu təhqirlərə və işgəncələrə məruz qoydular. Axırda ispan hərbi gəmisinin kapitanı Xulio Leon Fandinyo Cenkinsi dor ağacına bağlamağı əmr etdi və öz əli ilə onun qulağını kəsdi. Qanlı “suvenir”i ingilisə təqdim edərək dedi: “Bunu kral Georqa göstər və xəbər ver ki, tutulsa, onun da başına eyni şey gələcək”.
Ümumiyyətlə, Cenkins ucuz qurtardı və o dövr üçün kifayət qədər yüngül dərs aldı.
Səkkiz illik bürokratiya
Londona qayıdan Cenkins baş vermiş hadisəyə görə şikayət verdi. Ay altında hər şey keçicidir, bürokratiyadan başqa. Buna görə iş tam 8 il uzandı. Daha da uzun çəkə bilərdi, lakin 1739-cu ilə qədər ingilis biznesi baş nazir Robert Uolpoldan Cənubi Amerika bazarlarının güc yolu ilə açılmasını tələb etdi. Güc isə müharibə deməkdir, müharibə üçün isə bəhanə lazımdır! Cenkinsin spirt dolu bankada saxladığı kəsilmiş qulaq buna ideal uyğun gəldi.
Parlamentdə çıxış
Kapitan-qaçaqmalçı parlamentdə çıxış edib ispanların hərəkətlərindən şikayətləndi və spirtdə saxlanmış qulağını təqdim etdi: “…ispanlar muşket lüləsinin ağzında bizi dizi üstə çökdürdülər, mən etiraz etməyə çalışanda isə ispan zabiti qulağımı kəsib, məsxərə ilə bu “tropey”i kral Georqa aparmağı məsləhət gördü və ispan kapitanının sözlərini də əlavə etdi: “Qaçaqmalçılıqda tutulsa, krala da eyni şey olacaq”.
Və onda “üzərində günəş batmayan imperiya” dərhal xatırladı ki, onun təbəəsini təhqir edirlər… Gözəl piar: dənizçi var, qulaq yoxdur, günahkar görünür ki, ispanlardır… İspanlara isə britaniyalıların qulağını cəzasız kəsməyə icazə vermək olmaz!
Xalq müharibə tələb edir! Xalqın tələbi qanundur! Müharibə 1739-cu il oktyabrın 23-də elan edildi.
Müharibənin adı və gedişi
Yeri gəlmişkən, müharibənin adını britaniyalı tarixçi Tomas Karlayl hələ 1858-ci ildə qoymuşdu. İspaniya isə onu rəsmi olaraq “Asyento uğrunda müharibə” adlandırırdı. Asyento müqavilə, sazişdir… İngilislər müqaviləni pozublarsa, deməli, ödəməlidirlər.
Müharibəyə asan başladılar… lakin bir ildən sonra yerli dəniz mübahisəsindən başlayan müharibə sürətlə qlobal qarşıdurmaya çevrildi.
Hər şey yalnız 1748-ci ildə başa çatdı. Kəsilmiş bədən üzvü haqqında o vaxt hamı çoxdan unutmuşdu. İspaniya ilə Britaniya barışdı, müqavilələr imzalandı və… əslində, heç nə dəyişmədi. Düzdür, müharibə 1600-dən çox gəmini dibə göndərdi və tərəflərə 30 mindən çox insan həyatına başa gəldi…
Çörçillin sözü
Çörçill bu barədə yazırdı: “…Cenkinsin qulağı ictimaiyyətin təxəyyülünü sarsıtdı və ümumi həyəcanın simvoluna çevrildi. Bunun həqiqətən onun öz qulağı olub-olmadığı və qulağını həqiqətən ispan yoxlaması zamanı itirib-itirmədiyi aydınlaşmadı, lakin bu qırışmış əşyanın təsiri inanılmaz dərəcədə böyük oldu”.
Müdrik Çörçill yalnız bir şeyi dilə gətirmədi: təhqir olunmuş ləyaqət və ya dəyərlərin müdafiəsi ilə örtülmüş biznes bütün müharibələr üçün həmişə əsas ideal “casus belli” olacaq.
Ağagül Mürsəlov,
KONKRET.az
