Azərbaycanda ali təhsil sistemində ixtisas qruplarının bölgüsü uzun illərdir tətbiq olunur və bu model abituriyentlərin maraq və bacarıqlarına uyğun seçim etməsinə şərait yaradır. Bununla belə, zaman-zaman 2-ci və 3-cü, eləcə də 1-ci və 4-cü ixtisas qruplarının birləşdirilməsi ilə bağlı təkliflər də gündəmə gəlir və bu məsələ cəmiyyətdə müzakirələrə səbəb olur. Mövcud sistemin saxlanılması daha məqsədəuyğundur, yoxsa ixtisas qruplarının birləşdirilməsi zərurətə çevrilə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, hazırda tətbiq olunan ixtisas qrupları sistemi kifayət qədər optimal modeldir və onun dəyişdirilməsinə ehtiyac yoxdur.

“Beynəlxalq təcrübədə də şagirdlərin maraq və bacarıqlarına uyğun istiqamətləndirilməsi prinsipi tətbiq olunur. Türkiyə nümunəsi göstərir ki, orada şagirdlər erkən mərhələdə humanitar və dəqiq fənlər üzrə istiqamətləndirilir, qəbul imtahanlarında da bu bölgüyə uyğun yanaşma həyata keçirilir.
Azərbaycanda da analoji olaraq abituriyentlər maraq və hazırlıq istiqamətinə uyğun qruplar seçirlər. 1-ci qrup texniki, 2-ci qrup iqtisadi, 3-cü qrup humanitar, 4-cü qrup tibb, 5-ci qrup isə qabiliyyət tələb edən ixtisasları əhatə edir”.
Ekspert hesab edir ki, mövcud sistem abituriyentlər üçün kifayət qədər çevik imkanlar yaradır.
“Blok imtahanlarının iki dəfə keçirilməsi tələbələrə fərqli qruplar üzrə seçim etmək şansı verir. Məsələn, ilk cəhddə 4-cü qrup üzrə imtahan verən abituriyent ikinci cəhddə 1-ci qrup üzrə də iştirak edə və fərqli ixtisaslar seçə bilər.
Bu model hətta abituriyentə eyni vaxtda üç fərqli qrup üzrə seçim imkanı yaradır. Belə ki, abituriyent birinci cəhddə bir qrup, ikinci cəhddə başqa qrup, eyni zamanda 5-ci qrup üzrə qabiliyyət imtahanında iştirak etməklə əlavə seçim hüququ da əldə edə bilir”.
Ramin Nurəliyev bu baxımdan ixtisas qruplarının birləşdirilməsinin nə zəruri, nə də məqsədəuyğun olduğunu bildirib. Onun sözlərinə görə, mövcud sistem abituriyentlərin maraqlarına və seçim azadlığına daha çox cavab verir.
Aynurə İsmayıl
KONKRET.az
