ABŞ-da Azərbaycanla bağlı mühüm təqdimat keçirildi – FOTOLARbackend

ABŞ-da Azərbaycanla bağlı mühüm təqdimat keçirildi - FOTOLAR

ABŞ-ın nüfuzlu yəhudi təşkilatlarından olan Yəhudi Respublikaçılar Alyansının dəvətilə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev həmin təşkilatın üzvləri qarşısında Azərbaycana dair təqdimatla çıxış edib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, təqdimatdan öncə çıxış edən Alyansın həmtəsisçiləri Miç Silberman və Mark Vidaver Azərbaycanın ABŞ və İsrail üçün strateji önəmini qeyd edərək, ölkəmizin qədim tolerantlıq və multikulturalizm ənənələrini təqdir ediblər.

Baş konsul Nəsimi Ağayev öz çıxışında ölkəmizin müstəqillik tarixi haqqında ətraflı məlumat verərək, 1918-ci ildə Azərbaycan xalqının tariximizin ilk respublikası olan Azərbaycan Demokratik Respublikasını (ADR) yaratdığını və bu respublikanın müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü qeyd edib.

Azərbaycanda mövcud olan dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat verən baş konsul əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə İslam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb.

Baş konsul Azərbaycanda tarixən mövcud olan bu ənənələrinin qorunması və inkişafının, eləcə də multikultural dəyərlərin təbliğinin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulayıb.

O qeyd edib ki, Azərbaycanın təcrübəsi müsəlman-yəhudi qardaşlığının və dostluğunun mümkünlüyünü göstərir.

Bundan başqa, N.Ağayev Azərbaycan və İsrail arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu əlaqələrin iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə ilbəil daha da genişləndiyini bildirib.

Baş konsul çıxışında həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq siyasəti haqqında danışaraq, Azərbaycan torpaqlarının müdafiəsində ölkəmizin yəhudi vətəndaşlarının da iştirak etdiyini və hətta onlardan biri, 1992-ci ilin mayında Şuşa şəhərinin müdafiəsi zamanı qəhrəmancasına həlak olmuş dağ yəhudisi Albert Aqarunovun Azərbaycanın Milli Qəhrəmanı olduğunu diqqətə çatdırıb. Baş konsul bildirib ki, Aqarunovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaxın həftələrdə onun Bakıda ucaldılmış abidəsinin rəsmi açılışı nəzərdə tutulub.

Çıxışdan sonra N.Ağayev iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*