Dövlət Departamentindən Azərbaycana qarşı TƏXRİBAT: Qərəzli hesabatı kimlər və niyə dərc edib?backend

Dövlət Departamentindən Azərbaycana qarşı TƏXRİBAT: Qərəzli hesabatı kimlər və niyə dərc edib?

ABŞ Dövlət Departamenti nəzdində Beynəlxalq Dini Etiqad Azadlığı Komitəsi illik hesabat dərc edib. Hesabatda Qarabağda erməni dini abidələrinin məhv edilməsi təhlükəsindən bəhs olunub. Hesabat müəllifləri ABŞ hökumətinin Qarabağdakı dini obyektlərin bərpası və qorunması üçün USAİD-ə və ABŞ-ın Bakıdakı səfirliyinə vəsait ayırmasını təklif ediblər. İkili standartları özündə əks etdirən belə bir bəyanatın səsləndirilməsi Azərbaycan dövləti və cəmiyyəti tərəfindən birmənalı qarşılanmayıb və tənqid edilib. Uzun illər işğal altında saxladığı torpaqlarımızdakı dini, tarixi və mədəni abidələrimizi məhv edən erməni vandallarına qarşı heç bir tədbir görməyən bu qondarma təşkilatın əsassız şəkildə Azərbaycanı hədəfə alması ciddi etirazlar doğurub.  

Mövzunu KONKRET.az-a şərh edən politoloq Zaur Məmmədov bildirib ki, bu məsələdə qeyri-adi heç nə yoxdur: “Bəzi beynəlxalq təşkilatlar və qurumlar davamlı olaraq Azərbaycanı tənqid etməklə məşğuldurlar. Təəssüflər olsun ki, bu təşkilatların özləri də tələyə düşür. Belə ki, erməni diasporunun və onların əlində olan lobbi quruplarının bu qurumlara müxtəlif məktublar göndərməsi və təzyiqlər etməsi, həmin institutların anti-Azərbaycan bəyanatları verməsi ilə nəticələnir. Buna görə də, sözügedən istiqamətdə ciddi işlər aparmalıyıq. Azərbaycan diaspor təşkilatlarının və aidiyyatı qurumların üzərinə bu məsələdə çox böyük məsuliyyət düşür. Bəli, Dövlət Departamenti nəzdində Beynəlxalq Dini Etiqad Azadlığı Komitəsi öz hesabatında birtərəfli və qərəzli çıxış edib. Çünki erməni dini abidələrinin məhv edilməsi ilə bağlı səslənən fikirlər yalan və böhtandır. Bunun heç bir sübutu yoxdur. Əvəzində, Azərbaycanın dini, tarixi və mədəni abidələrinin məhv edilməsi ilə bağlı saysız-hesabsız sübutlar mövcuddur”.

Zaur Məmmədov: “Azərbaycan nə Ukraynadır, nə də Gürcüstan. Biz beynəlxalq institutları qapı - qapı gəzmirik” | İnter Press

Politoloqun sözlərinə görə, bu gün Qarabağ və Şərqi Zəngəzur torpaqları hamının üzünə açıqdır: “Hər kəs ora gedib real problemləri öz gözləri ilə görə bilər. Necə olur ki, Ağdamda məsciddə ermənilər donuz saxlayır və bununla bağlı Dövlət Departamenti nəzdində Beynəlxalq Dini Etiqad Azadlığı Komitəsi susur? Necə olur ki, döyüşsüz geri alınan Ağdam tamamilə yarasız bölgəyə çevrilib və buna heç bir reaksiya sərgilənmir? Necə olur ki, Azərbaycanın tarixi əraziləri yerlə-yeksan edilib, amma bununla bağlı bəyanatlar verilmir? Amma hansısa uydurma ittihamlara görə, kimlərsə Azərbaycanın adını çəkir. Əlbəttə ki, bütün bunlar yolverilməzdir. Digər tərəfdən, ermənilər hər zaman müxtəlif dövlətlərlə Azərbaycanın münasibətlərinin korlanması üçün məhz həmin ölkələrin daxilindəki ermənipərəst qüvvələrdən istifadə ediblər. Amma ermənilər heç vaxt öz məqsədlərinə çata bilməyəcəklər. Çünki ABŞ-da da yaxşı bilirlər ki, Azərbaycanda dini etiqadlar hər zaman qorunub və bundan sonra da belə davam edəcək”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*