Yəməndən İsrailə doğru atılan husilərə məxsus ballistik raketi məhv etmək üçün istifadə olunan ABŞ-ın yerüstü mobil raketdən müdafiə sistemi THAAD hədəfi vurmaqda uğursuz olub.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” təhlükəsizlik sahəsindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu, son bir həftə ərzində THAAD sisteminin hədəfi vura bilmədiyi ikinci haldır.
İsrailin “Ynet” portalı yazır ki, mayın 4-də də Yəməndən atılan raketi THAAD ələ keçirə bilməyib.
“The Times of Israel”in məlumatına görə, həmin vaxt İsrailin “Arrow” hava hücumundan müdafiə sistemi də işə düşməyib və husilərin raketi Təl-Əvivdəki Ben Qurion hava limanında partlayıb.
İsrail Müdafiə Ordusu (IDF) Yəməndən atılan raketi yerli vaxtla saat 16:22-də (Bakı vaxtı ilə 17:22) qeydə alıb. Bundan sonra İsrailin mərkəzi bölgələrində hava hücumu siqnalları səslənib. Qısa müddət sonra ordudan bildirilib ki, raket hava hücumundan müdafiə vasitələri ilə uğurla vurulub.
“The Times of Israel” qeyd edir ki, dağıntı və ya yaralananlarla bağlı məlumat daxil olmayıb.
“Husilər İran istehsalı olan raketlərlə İsrailə hücumlarını davam etdirirlər. Biz verdiyimiz sözə sadiqik – Yəməndə və lazım olan hər yerdə sərt cavab verəcəyik”, – deyə İsrailin müdafiə naziri İsraəl Kats raket hücumlarını şərh edib.
Ağ Ev 2024-cü ilin oktyabrında İsrailə THAAD sisteminin və onu idarə edən amerikalı hərbçilərin göndərilməsi barədə qərar qəbul etmişdi. Pentaqonun sözçüsü Patrik Rayder bildirmişdi ki, bu sistem ABŞ-ın Yaxın Şərqdəki əsas müttəfiqinin müdafiəsini gücləndirəcək.
ABŞ daha əvvəl 2019 və 2023-cü illərdə də İsraildə THAAD batareyaları yerləşdirib.
“The Times of Israel”in yazdığına görə, 2024-cü ilin aprel ayına olan vəziyyətə əsasən ABŞ Silahlı Qüvvələrinin 7 ədəd THAAD batareyası mövcud idi. Hər bir batareya 6 buraxılış qurğusu, 48 raket və xüsusi avadanlıqdan ibarətdir. Sistemin işləməsi üçün 95 hərbçi tələb olunur. THAAD sistemi 150–200 km məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir.