ABŞ-ın “şirin vədləri” və sərt reallıq: Ermənistan Rusiyadan uzaqlaşa biləcək?backend

ABŞ-ın “şirin vədləri” və sərt reallıq: Ermənistan Rusiyadan uzaqlaşa biləcək?

Ekspert dairələrində ABŞ-ın vitse-prezidenti Cey Di Vensin İrəvana səfəri zamanı özü ilə gətirdiyi siyasi və iqtisadi “hədiyyələr” hələ də geniş müzakirə olunur. Siyahı doğrudan da kifayət qədər təsirlidir. Vensin açıqlamasına görə, ABŞ Ermənistana yüksək məhsuldarlıqlı Nvidia çiplərinin satışı üçün bir sıra ixrac lisenziyaları verib. Bu çiplər ölkədə yeni məlumat emalı mərkəzlərinin (data center) qurulmasında istifadə olunacaq və layihənin icrasına artıq başlanıldığı bildirilir.

KONKRET.az xəbər verir ki, bundan əlavə, İrəvan ABŞ-dan V-BAT tipli pilotsuz uçuş aparatları alıb.

Baş nazir Nikol Paşinyanın sözlərinə görə, bu dronlar Ermənistanın hərbi imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək.
Gözlənildiyi kimi, TRIPP proqramı çərçivəsində milyardlarla dollar həcmində maliyyə ayırmaları da elan olunub. Lakin əsas sensasiya başqa sahədədir. ABŞ və Ermənistan arasında mülki nüvə energetikası sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Sənəd potensial investisiyaları nəzərdə tutur və İrəvanın enerji sahəsində Rusiyadan asılılığını azaltmağa yönəlib.

Saziş eyni zamanda Amerika şirkətlərinə:

nüvə texnologiyaları,

yanacaq və xidmətlərin tədarükü,

eləcə də Ermənistanın elektrik enerjisinin təxminən 40%-ni təmin edən Metsamor AES-in kiçik modul reaktorlarla əvəz olunması üzrə tenderdə iştirak imkanı açır.

Vensin səfəri ərəfəsində və fonunda tez-tez səslənən fikir budur ki, ABŞ-ın əsas məqsədi regionda Rusiyanın təsirini azaltmaq, maksimal plan kimi isə Ermənistanı Moskvanın orbitindən çıxarmaqdır.

İlk baxışdan proseslər məhz bu istiqamətdə gedir: yeni investisiya vədləri, nüvə sahəsində Rusiyadan uzaqlaşma, yüksək texnologiyaların gətirilməsi. Kağız üzərində hər şey Ermənistan üçün arzuolunan mənzərə yaradır.

Lakin reallıq daha mürəkkəbdir.

Sanksiyalardan yayınma riski

Rəsmi Vaşinqtonun Ermənistana verilən yeni ixrac lisenziyaları çərçivəsində ölkəyə daxil olacaq yüksək texnologiyalı çiplərin sonradan Rusiya və ya İrana ötürülməsi riskini necə qiymətləndirdiyi sual doğurur. Ermənistan hələ də Moskvaya və Tehrana qarşı tətbiq edilən sanksiyaların təsirinin azaldılması üçün addım atan əsas regional hablardan biri sayılır.

Ermənistanın Rusiyadan asılılığı yalnız Metsamor AES-lə məhdudlaşmır.

İrəvan KTMT-də üzvlüyünü faktiki dondursa da, Aİİ (Avrasiya İqtisadi İttifaqı) üzvü olaraq qalır. Bu çərçivədə Ermənistan Rusiyadan bir çox məhsulu, xüsusilə də qazı, nefti və neft məhsullarını daxili Rusiya qiymətləri ilə alır.

Bu yanacaq məhsullarının əhəmiyyətli hissəsi hazırda Azərbaycan üzərindən tranzitlə Ermənistana çatdırılır.

Ermənistanın dəmir yolları Rusiya şirkətinin konsessiya idarəçiliyindədir.

Qaz şəbəkələri, mobil rabitə və digər strateji infrastruktur sahələrində də Rusiyanın ciddi payı var. Elektrik şəbəkələrinin milliləşdirilməsi istiqamətində cəhdlər isə indiyədək ciddi nəticə verməyib.

Üstəlik, bu infrastrukturun böyük hissəsi iqtisadi baxımdan səmərəsizdir və daim maliyyə dəstəyi tələb edir. Vensin səfəri ərəfəsində Ermənistan parlamentinin spikeri Alen

Simonyanın Moskvaya çağırılması və orada sərt tənbehə məruz qalması barədə məlumatlar yayılıb. Bu, Kremlin İrəvandakı prosesləri diqqətlə izlədiyini göstərir.

ABŞ bu yükü daşımağa hazırdırmı?

Ermənistanın Rusiyadan asılı olduğu bütün sahələri qısa müddətdə “bağlamaq” son dərəcə çətindir. Bunun üçün nəhəng maliyyə resursları, uzunmüddətli siyasi öhdəliklər və İrəvanın aydın geosiyasi seçimi tələb olunur.

Əsas sual açıq qalır:

Vaşinqton bu miqyasda iqtisadi və siyasi “filantropiyaya” hazırdırmı?

Xüsusilə də Ermənistan hələ də Aİİ platformasında Moskvaya qarşı açıq demarşlar etmədiyi və qərbyönlü kursunu tam institusional səviyyədə rəsmiləşdirmədiyi bir vaxtda, bu sual maraq doğurur.

Hazırkı mənzərə göstərir ki, ABŞ-ın təqdim etdiyi “konfetlər” cəlbedici olsa da, Ermənistanın Rusiyadan real və tam miqyaslı uzaqlaşması hələ uzun və mürəkkəb proses olacaq.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*