Xəbər verdiyimiz kimi, ABŞ Senatı Rusiya Prezidenti Vladimir Putinin fəaliyyətinin hərbi cinayətkar kimi araşdırılmasını tələb edən qətnamə qəbul edib. Qeyd edilir ki, qətnamə respublikaçı senator Lindsey Qraham tərəfindən təqdim edilib və hər iki partiyanın senatorları tərəfindən dəstəklənib. Senat Putinin hakimiyyəti dövründə Rusiya silahlı qüvvələri tərəfindən törədilən “zorakılıq, müharibə və insanlıq əleyhinə cinayətləri” qətiyyətlə pisləyib. Qətnamə Haaqa Beynəlxalq Məhkəməsini və digər ölkələri Rusiyanın Ukraynaya müdaxiləsi zamanı törətdiyi hərbi cinayətlərlə bağlı Prezident Vladimir Putin və onun komandasını, o cümlədən Rusiya ordusunun fəaliyyətini araşdırmağa çağırır.
Maraqlıdır, belə bir qətnamənin qəbulu nədən xəbər verir? Putin hərbi cinayətkar kimi beynəlxalq tribunala verilə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov cavablandırıb.

Politoloq bildirib ki, beynəlxalq məhkəmədə bu proses başlaya bilər:
“Qətnamənin qəbulu onu göstərir ki, ABŞ dövlət olaraq rəsmi şəkildə beynəlxalq məhkəməyə müraciət edə bilər. Düşünürəm ki, bu müraciətə baxılmalıdır. Belə bir qətnamənin qəbul edilməsi hüquqi-siyasi prosedurun əvvəlidir və prosedurun davamlı olmağını aydın göstərir. Bu, Rusiyaya qarşı ilk belə müraciət deyil. İndiyə qədər həmin ittihamlarla bir neçə ölkə artıq çıxış edib. Həmin ölkələr əsasən Avropa ölkələridir. Senatın tövsiyəsi hökumətə aid olacaq və beləliklə hüquqi-siyasi proses başlayacaq. Yəqin ki, məsələyə baxılması üçün beynəlxalq məhkəməyə müraciət ediləcək. BMT beynəlxalq məhkəməsinin cinayətlərə baxmağa səlahiyyəti var. Düşünürəm ki, məhkəmədə bu proses başlaya bilər”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
