İsrailin xarici kəşfiyyat xidməti “Mossad” İranın keçmiş müdafiə nazirinin müavini, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Əli-Rza Əsgərini oğurlayaraq bir neçə həftə sorğu-sual edib, daha sonra isə öldürüb.
KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti keçmiş amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, əməliyyat hələ 2006-cı ildə həyata keçirilib. İsrail kəşfiyyatının əməkdaşları Əsgərini 1980-ci illərdə Livanda itkin düşmüş israilli hərbi təyyarə naviqatoru Ron Aradın yoxa çıxmasında mümkün iştirakı ilə bağlı sorğu-sual ediblər.
Lakin dindirmələr zamanı israilli hərbçinin taleyi barədə əhəmiyyətli məlumat əldə etmək mümkün olmayıb. Keçmiş amerikalı rəsmilərdən birinin iddiasına görə, sorğu-sual başa çatdıqdan sonra “Mossad” agentləri iranlı generalı öldürüb, cəsədini isə Qara dənizə atıblar.
“The New York Times”ın araşdırmasında İsrail kəşfiyyatının Suriyada keçirdiyi daha bir ehtimal olunan xüsusi əməliyyat barədə də məlumat verilir. Söhbət İran generalı Abdullah Sabirinin oğurlanmasından gedir.
Nəşrin yazdığına görə, yüksək rütbəli hərbçinin gizli şəkildə Suriyadan çıxarılması üçün “Mossad” agentləri soyuducuların daşınması məqsədilə nəzərdə tutulan böyük karton qutudan istifadə ediblər.
Günay Əli
KONKRET.az
