“Peşəkarlıq sıfırdır, amma bütün qohumlar vəzifədədir” – Hər sahədə bir oğru oturubbackend

"Peşəkarlıq sıfırdır, amma bütün qohumlar vəzifədədir" - Hər sahədə bir oğru oturub

Rusiyalı politoloq Yevgeni Satanovski Rusiyada mühüm dövlət vəzifələrinə kadr seçimi prinsiplərini sərt tənqid edib.

KONKRET.az xəbər verir ki, onun fikrincə, ölkədə geniş yayılan qohumbazlıq və korrupsiya Rusiyanın supergüc statusunu itirməsinə gətirib çıxara bilər.

Satanovski etiraf edib ki, Rusiyanın gələcəyini proqnozlaşdırmaq onun üçün getdikcə çətinləşir.

Politoloq hesab edir ki, 1990-cı illərin “anarxiya”sının fəsadları hələ də aradan qalxmayıb. Üstəlik, bütöv iqtisadi sahələrin idarəçiliyinə kleptokratların – hakimiyyətdən və dövlət resurslarından şəxsi maraqları naminə istifadə edən şəxslərin gəlməsi vəziyyəti daha da ağırlaşdırır.

Ekspert mövcud mənzərəni belə xarakterizə edib: “Avrasiyanın ortasında var-gəl edir, yaxın və uzaq qonşularımızı ərazimizin və resurslarımızın böyüklüyü ilə qıcıqlandırırıq”.

O, Rusiyada dollar milyarderlərinin sayının sürətlə artmasına da diqqət çəkib. Halbuki ölkənin elm, mədəniyyət, təhsil və səhiyyə sahələrindəki uğurları, onun fikrincə, daha çox rəsmi hesabatlarda görünür.

Satanovskinin qənaətinə görə, hazırkı məmurların əhəmiyyətli bir hissəsinin hansı məqsədlə fəaliyyət göstərdiyi xalq üçün aydın deyil. Bunun əsas səbəbi isə kadr təyinatlarında peşəkarlıq və səriştənin deyil, qohumluq əlaqələrinin və şəxsi münasibətlərin üstün tutulmasıdır.

Politoloqu narahat edən digər məqam isə elitanın süni intellektə həddindən artıq maraq göstərməsi və getdikcə daha ciddi vəzifələrin bu texnologiyaya həvalə edilməsidir. O, süni intellektin tətbiqini fəal şəkildə təşviq edənlərə ironik şəkildə arzu edib ki, gələcəkdə onların müalicəsi, qidalanması və bütün xidmətləri yalnız maşınlar tərəfindən həyata keçirilsin.

Qohumbazlıq məsələsinə gəldikdə isə Satanovski emosiyalarını gizlətməyib və Rusiyada mövcud vəziyyəti olduqca sərt ifadələrlə tənqid edib.

“Haraya əl atırsansa, hər yerdə bir tənbəl, bir oğru, bir fırıldaqçı və bir səfeh görürsən. Özü də bu, hər yerdə belədir. Qohumbazlıqdan danışmağa belə ehtiyac yoxdur. Kimin kimin oğlu, qızı, qardaşı oğlu, yaxud kiminsə övladının əri və ya arvadı, yaxud daha uzaq qohumu olması təyinatlara birbaşa təsir edir. Peşəkarlıq sıfırdır, ona görə də vəzifə öhdəlikləri barədə soruşmağa belə adam çəkinir”, – deyə politoloq özünün “Telegram” kanalında yazıb.

Qeyd edək ki, Rusiyanın qanunvericiliyində məmurların qohumlarının və ya yaxınlarının maraqlarına uyğun qərarlar qəbul etməsi “maraqlar toqquşması” anlayışı ilə tənzimlənir. Belə halların qarşısının alınması və buna görə məsuliyyət “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət mülki qulluğu haqqında” və “Bələdiyyə qulluğu haqqında” federal qanunlarda öz əksini tapıb.

Baş Prokurorluğun materiallarında da qohumbazlığa anlayış verilir. Bu, dövlət vəzifəsindən istifadə etməklə şəxsi maraqlar naminə qohumlara və dostlara himayədarlıq göstərilməsi, bununla da dövlətin və cəmiyyətin maraqlarına zərər vurulması kimi xarakterizə olunur.

Rusiyada vaxtaşırı qohumbazlıq hallarına görə məmurlar və dövlət qulluqçuları vəzifələrindən azad edilirlər. Məsələn, 2026-cı ilin əvvəlində Çerkessk şəhərində Daxili İşlər Nazirliyinin şöbə rəisi əmisi oğlunun xidmətdə irəli çəkilməsinə şərait yaratdığına görə işdən çıxarılıb. 2025-ci ilin dekabrında isə Yakutiyada Solovyovsk nasleqinin rəhbəri qardaşının həyat yoldaşını və qardaşı oğlunu öz administrasiyasında işə götürdüyünə görə vəzifəsindən kənarlaşdırılıb.

Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*