ABŞ Konqresinin həm Respublikaçılar, həm də Demokratlar Partiyasından olan üzvləri “Nvidia” şirkəti ətrafında yaranan qalmaqaldan sonra süni intellekt üçün nəzərdə tutulan qabaqcıl çiplərin Çinə ixracına ciddi məhdudiyyətlər tətbiq etmək istiqamətində fəaliyyətlərini gücləndiriblər.
KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, hazırlanmaqda olan tədbirlər Çinə həssas texnologiyaların və süni intellekt sistemləri üçün yüksək məhsuldarlıqlı prosessorların tədarükünün əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasını nəzərdə tutur. Bundan başqa, Çin şirkətlərinin xarici bulud xidmətləri vasitəsilə ABŞ-ın hesablama resurslarına çıxışının qarşısının alınması təklif olunur.
Qanunvericilər, həmçinin ABŞ Prezidenti Donald Tramp administrasiyasının ixrac icazələrinin verilməsi ilə bağlı qərarlarına nəzarət və onları bloklamaq üçün Konqresin səlahiyyətlərinin genişləndirilməsini istəyirlər.
Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üç yüksək vəzifəli üzvü həmkarlarını bu istiqamətdə hazırlanmış dörd qanun layihəsi paketini dərhal qəbul etməyə çağırıblar.
Onlar, eyni zamanda, məsələ ilə bağlı xüsusi dinləmələrin keçirilməsini, “Nvidia” rəhbərliyinin və ABŞ Ticarət Nazirliyinin yüksək vəzifəli nümayəndəsinin ifadə vermək üçün Konqresə çağırılmasını tələb ediblər.
Günay Əli
KONKRET.az
