ABŞ və Çin soyuq müharibənin astanasındadır – ŞƏRHbackend

ABŞ və Çin soyuq müharibənin astanasındadır - ŞƏRH

“ABŞ və Çin iki güc olaraq texnoloji və mədəni Soyuq Müharibənin astanasındadır. Bu baxımdan iki ölkə arasında  münasibətlər “dönmə nöqtəsində”dir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Vaşinqtonun Çindəki keçmiş səfiri Maks Bokus bildirib. “South China Morning Post” qəzetinin yazdığına görə, eniş spiralını gücləndirən amillər arasında ABŞ-ın Pekinə qarşı davam edən sanksiyaları, Çində millətçiliyin artması, Çin sədri Si Çzinpin üçüncü müddətə seçilərkən daxili təzyiqlərin artması və ABŞ-ı “həddən artıq tənqid edən” bir qrup Çin rəsmiləri var.

“Bu hazırkı tendensiya mənim üçün çox təəssüf doğurur və onu dəyişdirmək üçün çox iş lazımdır”, – deyə 2014-2017-ci illərdə Pekində səfir işləyən Bokus daha sonra vurğulayıb:

“Son bir neçə il ərzində əlaqələr kəskin şəkildə pisləşdi və getdikcə də pisləşir. Düşünürəm ki, bəlkə də Donald Trampın dövründə biz lap dibə vurduq, sonra Bayden gəldi, amma tendensiya hələ də aşağı düşür”.

Səfirin bildirdiyinə görə, Çin “Bir Kəmər və Bir Yol” vasitəsilə iqtisadi gücünü genişləndirdikcə, ABŞ Avropa və Hind-Sakit Okean regionunda ittifaqlar qurur. O, Vaşinqton və Pekinin bir-birini sadəcə olaraq iki ayrı böyük düşərgəyə təcrid etməsindən narahatlığını dilə gətirib: “Görünür, biz getdikcə bir növ soyuq müharibəyə doğru irəliləyirik. Bu, nüvə soyuq müharibəsi deyil, texnoloji soyuq müharibə, mədəni soyuq müharibədir”.

Diplomat həmçinin vurğulayıb ki, “Biz amerikalılar düşünürük ki, dünyanı necə idarə edəcəyimizi ən yaxşı bilirik və bu, çox təkəbbürlü bir fikirdir”.

Natiq Səlim,

KONKRET.az

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*