Ailə modelini təkmilləşdirmək üçün Ailə Nazirliyi yaradılmalıdır – AÇIQLAMAbackend

Ailə modelini təkmilləşdirmək üçün Ailə Nazirliyi yaradılmalıdır - AÇIQLAMA

Bu gün qloballaşan dünyada ailə dəyərləri yavaş-yavaş sıradan çıxır. Təəssüf ki, bu gün ailə institutu anlayışı yerlə bir olub.

Hər il dünyada artan boşanma sayları və ailədaxili münaqişələr da bunu deməyə əsas verir. Bu mənada ölkəmizdə də vəziyyət ürəkaçan deyil. Azərbaycanda da boşanma sayı ilbəil artır. Bu gün gənc ailələr problemləri həll etmək əvəzinə birbaşa boşanmaya üzr tutur. Azərbaycanın ailə dəyərləri anlayışı artıq sadəcə sözdə qalıb. Bu günlərdə “Azərbaycan ailə modelinin inkişaf strategiyası” adlı konfransdakı çıxışında Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc bildirib ki, dövlətin ailə strategiyasının hazırlanması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Nazirliyinə çevrilməsi vacibdir.

Maraqlıdır, ölkəmizdə Ailə Nazirliyi yaradıla bilərmi? Bunun müsbət tərəfləri nə ola bilər?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova cavablandırıb. O bildirib ki, sözügedən sahədə problemlərin həlli üçün mütəxəssis komandasına ehtiyac var:

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən gözləntilər çox böyükdür. Lakin bu çox böyük bir sahədir. Azərbaycanda 2 milyon 100 mindən çox ailə var. Həmçinin, ölkəmizdə 2,6 milyona yaxın uşaq, 4 milyona yaxın qadın var. Komitə işçilərinin sayı isə 50-70 nəfərdir. Ailə modelini təkmilləşdirmək, ailələrə dəstək olmaq, uşaq hüquqlarını müdafiə etmək və yeni ailə ideologiyasının hazırlanmasını istəyiriksə, mütəxəssis komandasına ehtiyac var. Komitənin təkbaşına buna gücü çatmır”.

M.Zeynalovanın fikrincə, Ailə Nazirliyinin yaradılması mühüm əhəmiyyət kəsb edir:

“Bəzən elə problemlər olur ki, digər qurumlar məsələni ciddiyə almır və Komitənin üstünə atır. Bu mənada düşünürəm ki, Komitənin səlahiyyətləri artırılmalı və ona nazirlik statusu verilməlidir. Dünya təcrübəsində belə nümunələr çoxdur. Adları müxtəlif olsa da onlar eyni vəzifəni yerinə yetirir. Ailə Nazirliyi, Gender Nazirliyi və digər adlarla fəaliyyət göstərən belə qurumlar çoxdur və onlar nazirlik formatındadır. Çünki əhali sayına görə bu sahədə xidmət göstərənlərin sayı da çox olmalıdır. Ətraflı və etibarlı siyasət müəyyən etmək və bunu yerinə yetirmək üçün Ailə Nazirliyinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Bu mənada ölkəmizdə də belə bir nazirliyə ehtiyac olduğunu düşünürəm və bu təklifi dəstəkləyirəm”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*