Ali Baş Komandan haqqında yayılan məlumatlar kimə lazım idi? – Öz tarixi düşmənini bu qədər sevindirən ikinci bir xalq tanıyırsınızmı?backend

Ali Baş Komandan haqqında yayılan məlumatlar kimə lazım idi? – Öz tarixi düşmənini bu qədər sevindirən ikinci bir xalq tanıyırsınızmı?

Cəmil MƏMMƏDLİ

Qəbul olunan qaydalara əsasən deyə bilərik ki, qara təbliğat – qarşılıqlı qavrama zamanı tərəflərdən birinin digərinin məntiqi analiz qabiliyyətini zəiflətmək, sarsıtmaq və sairə məqsədlərlə istifadə etdiyi ünsiyyət fəndidir.

Belə piar əsasən gerçəkliyin gizlədilməsi, təhrifi və ya yarımçıq təqdimatı kimi müxtəlif formalarda olur. Bu kimi cəhdlər insanların və ya qrupların öz maraqlarını təmin etmək və ya qorumaq məqsədi ilə istifadə etdikləri elə bir “virusdur” ki, bunun nəticəsində qarşı tərəfin fikirləri mütləq dolaşır. Xüsusi hazırlanmış təbliğat xarakterli məlumatların təsir qüvvəsi də qarşı tərəfin intellektual səviyyəsindən (məlumat azlığı, məntiqi təfəkkür və s.) birbaşa asılıdır.

Siyasi saxtakarlığa gəldikdə isə istənilən amilin təsirindən ortaya çıxan hər hansı bir manipulyasiya bu və ya başqa formada insanın tələbatları ilə əlaqədardır. İstənilən halda insan bundan özünün maraqlarını təmin etmək üçün istifadə edir.

Bu yaxınlarda Azərbaycanın informasiya məkanında dövlət başçısının səhhəti və sağlıq durumu haqqında xüsusi məqsədlərə xidmət edən məlumatlar yayıldı. Çox acınacaqlı bir durum müşahidə etdik.

Diqqət edin, düşmənlər işğal olunmuş torpaqlarımızda az qala hər gün heç bir ehtiyac olmadan bizi qızışdırmaq niyyəti ilə bəyanatlar, fikirlər səsləndirir. Bu fikirləri öz daxili auditoriyasına hesablayıb söyləməklə, özünün yaxın gələcəkdə başına gələcək “siyasi sonluğunun gerçəkləşməsini” qabaqlamaq istəyən Paşinyan əslində çıxış yolunu belə görür. Bu istiqamətdə apardığı təbliğatda Paşinyan “Qarabağ kartı”ndan maksimum yararlanmağa çalışır.

İndi isə belə bir zamanda öz ölkəmizə baxaq. Hətta obyektivlik naminə bir qədər kənardan proseslərə heç bir dəxli olmayan yad insan kimi baxaq.

İki düşmən ölkə müşahidə edirik.

Biri – başqasının torpağını işğal edib, pafoslu çıxışlarla hakimiyyətə gəlib, bütün dünyada əslində özünü pis bir vəziyyətə salmış “küçə natiqi”nin düşünülməmiş bəyanatları, siyasi düşüncələri ilə “hipnoza oturdulmuş” kütləyə malik olan bir ölkə.

Biri isə – bu situasiyada hansısa səbəbdən (halbuki belə hallar daim müşahidə olunur) iki gün görünməyən Ali Baş Komandanının səhhətini müzakirə edən, onun (səbəb nə olursa olsun) artıq az qala vəfat etməsi xəbərini sosial şəbəkələrdə lağa qoyan, məsxərə obyektinə çevirən kütləyə malik olan bir ölkə.

Sizcə, bu normaldırmı?

Sizcə, belə bir kütlə ilə həmin Ali Baş Komandan öz ölkəsinin torpaqları uğrunda savaşa əmr verə bilərmi?

Sizcə, ərazisinin 20 faizi işğalda olan bir ölkəyə və bu ölkənin əhalisinə belə bir hal yaraşarmı?

Bəli, bu hakimiyyəti sərt tənqid etmək üçün çox ciddi arqumentləri olan insanlarımız var. Ancaq bütün bunlar bizə dövlətçilik baxımından düşmən qarşısında siyasi-psixoloji cəbhədə uduzmaq üçün haqq qazandırırmı?

Dünya yaranandan bəri nemətlər, hakimiyyət, mövqe uğrunda savaşlar bitməyib və bitməyəcək. Dünyanın ən dahi şəxsiyyətləri belə, bu savaşların qarşısını almaqda çox aciz olublar. Ancaq bu savaşlar bizim vəziyyətimizdə olan bir ölkədə hansı formada, hansı qaydada olmalıdır?

Bütün düşmən saytları bu vəziyyətimizi lağa qoyub güldülər, dolayısı ilə dövlətimizi ələ salıb, məsxərəyə qoydular.

Bunu gördünüzmü?

Bunu oxudunuzmu?

Buna sevindinizmi?

Öz tarixi düşmənini bu qədər sevindirən ikinci bir xalq tanıyırsınızmı?

Ayılın əziz millətim, ayılın!

Övladlarınızı emosiyalara qapılıb dövlətə qarşı kin-küdurətlə böyütməyin. Onlara sadəcə savad verin.

Yetər!

Kütlə olmaqdan qurtulun! Buna bizim haqqımız yoxdur! İtirilən torpaqlarımız, torpağa əmanət etdiyimiz canlarımız, əsirlikdə zülm çəkən qeyrətimiz xatirinə düşünün!!!

Düşünün!!!

Bir balaca düşünsək, görəcəyik ki, cəmiyyətə belə informasiyalar adətən həmin ölkənin daxili işlərinə burnunu soxmaq üçün əhalinin əhvalını öyrənmək məqsədilə kənar qüvvələrin “xüsusi fəaliyyəti” nəticəsində yayılır.

Heç düşündünüzmü, görəsən, belə bir vaxtda ortaya buraxılan bu informasiyalar kimə lazım idi? Kimə lazım olduğunu tapa bilərsinizmi? Görəsən, növbəti hansı addımları uydurub başımızı qatıb, hisslərimizi hesablayıb, bizə hansı kələyi yaşadacaqlar?

Qəhrəmanlarımızı xain, xainlərimizi qəhrəman bildik. Tariximiz başdan-başa belə utancverici səhnələrlə doludur. Kifayət etmirmi?

Düşünün cənablar, düşünün….

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*