“Qarabağdakı vəziyyətin tənzimlənməsi postsovet məkanında Rusiyanın rolunu və Türkiyənin Qafqazda möhkəmlənməsi barədə düşünmək zərurəti yaradıb. Dağlıq Qarabağdakı hərbi toqquşmalar Rusiyanın istəyi ilə deyil, Ermənistanda Azərbaycana müqavimət göstərəcək qüvvələrin olmaması səbəbindən sona çatdı”.
KONKRET.az xəbər verir ki, bu fikirləri analitik Andrey Nalıgin rus mediasına açıqlamasında deyib. O əlavə olaraq deyib ki, “Kreml Qafqazdakı vəziyyətə nəzarət etdiyini düşünür. Əslində isə bu, belə deyil. Əvvəllər postsovet məkanında bəzi münaqişələr BMT və ATƏT-in müdaxiləsi olmadan Rusiya Federasiyasının iştirakı ilə həll edilmişdi. İqtisadi cəhətdən zəif olan Rusiya siyasi sahədə sözünün keçərli olduğunu dəfələrlə sübut etmişdi. Lakin son 15 ildə Rusiya Federasiyası postsovet məkanında hansısa problemin həllinə nail ola bilməyib. Bu da çox şeydən xəbər verir”.
Analitik daha sonra deyir: “Dağlıq Qarabağ münaqişəsini Azərbaycan və Türkiyənin seçdiyi əlverişli məqam həll etdi. Özü də diplomatik yox, hərbi yolla. Güc tətbiq etməklə, Azərbaycan 1990-cı illərin əvvəllərində müharibədən sonra yaranan vəziyyəti kökündən dəyişdirdi. Moskva barışığa çağırdı, ancaq Bakı hücuma keçdi və İrəvan özünü müdafiə etdi. Tərəflər danışıqlardan imtina etdilər. Ermənistanın gücü qalmayanda isə atəşkəs müqaviləsi imzaladı. Azərbaycan hərbçiləri tərəfindən təsadüfən vurulan Rusiya helikopteri razılaşmanı Moskva üçün daha sərfəli etdi”
Nalıgin fikirlərini belə yekunlaşdırıb: “Azərbaycan özünə və Türkiyəyə sərf edən şərtləri anlaşmada yazdırdı. Beləcə Türk hərbiçilərinin Qafqaza yolu açıldı. Doğrudur, Rusiya rəsmiləri Türk hərbiçilərinin yalnız müşahidəçi missiyası daşıyacaqlarını söyləyir. Amma fərq etməz. Hansı adla olursa-olsun Türkiyə de-yure Qafqaza yerləşdi. Bu isə onu göstərir ki, döyüşdə Azərbaycan, diplomatiyada isə Türkiyə qazandı”.
Surxay Atakişiyev,
KONKRET.az
