BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ və İran nümayəndələri arasında dünənki danışıqlar böyük bir irəliləyişlə nəticələnməsə də, dialoqun baş tutması faktının özü ümidvericidir.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Nyu-Yorkda jurnalistlərə bildirib.
“Mən dünənki danışıqları böyük bir irəliləyiş kimi təqdim etmək istəmirəm, lakin eyni zamanda ən azı dialoqun baş tutması faktını əhəmiyyətli hesab edirəm”, – Rubio deyib.
Onun sözlərinə görə, İranla razılaşmanın əldə olunması uzunmüddətli və zəhmətli iş tələb edəcək. Rubio qeyd edib ki, ABŞ Prezidentinin hərbi variant da daxil olmaqla, fəaliyyət üçün bir sıra əlçatan variantları var.
Dövlət katibi həmçinin bildirib ki, ABŞ Hörmüz boğazını qorumağa və bu marşrut üzrə gəmiçilik azadlığını təmin etməyə davam edəcək.
