Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb.
KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib.
Lavrov və Rubionun görüşü BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksəksəviyyəli həftəsi çərçivəsində reallaşıb.
Görüşdən əvvəl yayılan məlumatlara görə, Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri arasında müzakirələrin mərkəzi mövzusu Ukraynadakı münaqişə olub. Bununla yanaşı, Baş Assambleyanın ümumi gündəliyində Yaxın Şərqdəki vəziyyət, iqlim dəyişikliyi və süni intellektin tənzimlənməsi məsələləri də yer alır.
Qeyd edək ki, sentyabrın 18-də Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının rəsmi açılışı olub. Ənənəyə uyğun olaraq keçirilən yüksək səviyyəli həftə çərçivəsində ümumi müzakirələr sentyabrın 22–26-sı və 28-i tarixlərinə təyin edilib.
