Rusiya ilə Ukrayna arasında müharibənin dördüncü ilinə qədəm qoyduğu bir vaxtda Polşa, Ukrayna və Avropa İttifaqının Türkiyədəki səfirləri Ankarada birgə mətbuat konfransı keçiriblər.
KONKRET.az xəbər verir ki, tədbir Polşanın Ankaradakı səfirliyində baş tutub.
Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal çıxışında bildirib ki, ölkəsi sülhə can atır, lakin Rusiya atəşkəsi yeni aqressiv addımlara hazırlaşmaq üçün fasilə kimi qiymətləndirir.
Diplomat vurğulayıb ki, Ukraynaya qarşı aparılan müharibə təkcə yeni ərazilərin ələ keçirilməsinə deyil, həm də ölkənin mədəni və milli kimliyinin məhv edilməsinə yönəlib.
Onun sözlərinə görə, Rusiya Ukraynanın enerji infrastrukturuna zərbələr endirir ki, bu da Qara dənizdə təhlükəsizlik risklərini artırır.
Qeyd olunub ki, Qara dəniz regionu Türkiyə və bir sıra Avropa ölkələri üçün strateji əhəmiyyət daşıyır.
Türkiyənin regiondakı rolunun əhəmiyyətini xüsusi qeyd edən səfir bildirib ki, Kiyev Ankaranın sülh prosesində aktiv mövqeyini qoruyub saxlamasını istəyir.
“Biz istəyirik ki, Türkiyə mümkün sülh prosesinin və sonrakı dayanıqlı sülh mərhələsinin əsas zəmanətçilərindən biri olsun”, – deyə Nəriman Cəlal vurğulayıb.
Səfir Türkiyənin Ukraynanın ərazi bütövlüyünə dəstəyini və Qara dənizdə sabitliyə töhfəsini xatırladaraq, iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndiyini də qeyd edib.
Ukrayna tərəfi mümkün sülh razılaşmasının üç əsas prinsipini açıqlayıb: sülh ədalətli və dayanıqlı olmalıdır. Ukrayna üçün təhlükəsizlik zəmanətləri razılaşmada açıq şəkildə təsbit edilməlidir. Türkiyə və Avropa İttifaqı prosesdə fəal iştirak etməlidir.
Müşviq Tofiqoğlu
KONKRET.az
