“Azərbaycan qoşunları bir aydan çoxdur ki, Ermənistanla döyüşlərin getdiyi Dağlıq Qarabağdakı strateji əhəmiyyətli Şuşa şəhərini nəzarətə götürdü”.
KONKRET.az xəbər verir ki, bu sətirlər məşhur “Associated press” nəşrinin bir neçə saat əvvəl tirajladığı məqalədən götürülüb.
Məlumatda deyilir ki, “Televiziya ilə xalqa müraciətində Prezident İlham Əliyev şəhərin adının Azərbaycan dilindəki versiyasından istifadə edərək “Şuşa bizimdir – Qarabağ bizimdir” – dedi.
Lakin Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Arçrun Ovannisyan Əliyevin açıqlamasından sonra Facebook-da yazıb ki “Gözləyin və qoşunlarımıza inanın”.
Şuşa regional paytaxt Stepanakertdən təqribən 10 km (6 mil) cənubda və Dağlıq Qarabağı Ermənistanla birləşdirən əsas yol boyunca yerləşdiyindən böyük hərbi əhəmiyyətə malikdir.
Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir, lakin 1994-cü ildən bəri Ermənistan tərəfindən dəstəklənən yerli etnik erməni qüvvələrinin nəzarəti altındadır. Son döyüş əməliyyatları sentyabrın 27-də başlayıb. Müharibə yüzlərlə, hətta minlərlə insanın həyatına son qoyub.
Əliyev Ermənistan ərazini tərk edənə qədər döyüş əməliyyatlarını davam etdirəcəyinə bəyan edib.
Azərbaycanın əsas müttəfiqi Türkiyə elan olunan qələbəni məmnuniyyətlə qarşıladı.
“İşğal altındakı şəhərlərini və Qarabağı addım-addım azad edən azərbaycanlı qardaşlarımızın sevinci həm də bizim sevincimizdir”, – deyə Türkiyə rəsmiləri bildirib.
Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və müdafiə naziri Hulusi Akar da bazar günü Bakıya – Əliyevlə görüşə gəliblər-deyə nəşr yazıb.
Surxay Atakişiyev,
KONKRET.az
