Özbəkistanın internet seqmentində və hökumət kabinetlərində sanki iki paralel reallıq mövcuddur. Telegram kanallarında və “Instagram”da illərdir İsrail əleyhinə kampaniya səngimir: viral videolar, məhsulları boykot etməyə çağırışlar, şərhlərdə sərt ifadələr…
Eyni vaxtda Özbəkistanın aidiyyəti dövlət qurumları İsrailə yüksək maaşla işləmək üçün ixtisaslı fəhlələr göndərir, İsrailin su texnologiyalarını alır və ABŞ və İsrailin İran obyektlərinə zərbələri fonunda sərt neytrallıq nümayiş etdirir.
Fərq sadədir: sosial şəbəkələrdəki kütlə qısa videoların yaratdığı emosiyalarla hərəkət edir, dövlət isə pul, su və iş yerlərini hesablayır.
Sosial şəbəkələrdə aktiv olanların paylaşdığı materiallara nəzər saldıqda burada müstəqil təhlildən daha çox başqa media mənbələrindən götürülmüş kontent üstünlük təşkil edir.
Paylaşımların böyük hissəsi “Al Jazeera”, “TRT” kimi ərəb və türk media resurslarından tərcümə edilmiş videolardan ibarətdir. Bu materialların məqsədi mürəkkəb Yaxın Şərq böhranını izah etməkdən çox, qısa zamanda emosional reaksiya yaratmaqdır.
Ekspertlər hesab edir ki, Yəmən, Sudan və Suriyada çoxsaylı insan tələfatı ilə müşayiət olunan münaqişələr zamanı və ya İran ətrafında vəziyyət gərginləşəndə eyni səhifələrdə bu məsələlərə münasibət daha az görünür.
Bu yanaşmaya əsasən, sosial şəbəkələrdə “həmrəylik” və “həssaslıq” bəzən başqa ölkələrin informasiya gündəminin təsiri ilə formalaşır.
Sosial şəbəkələrdə “bütün əlaqələri kəsmək” çağırışları səslənərkən Özbəkistanın dövlət qurumları ölkənin iqtisadi problemlərinin həlli üçün İsraillə praktiki əməkdaşlığı davam etdirir.
Qanuni əmək və yüksək maaşlar
2022-ci ilin iyulunda Daşkənd və Təl-Əviv əmək miqrasiyası sahəsində hökumətlərarası saziş imzalayıb. Özbəkistanın Xarici Əmək Miqrasiyası Agentliyi ilə İsrailin Əhali və İmmiqrasiya İdarəsi (PIBA) vasitəçilərsiz birbaşa işə qəbul mexanizmi yaradıb.
İlk mərhələdə bu kanal vasitəsilə yaşlılara qulluq sahəsində çalışan mütəxəssislər İsrailə göndərilib. 2023–2024-cü illərdə isə İsraildə işçi qüvvəsinə ciddi ehtiyac yarandıqdan sonra tikinti sektorunda çalışan mütəxəssislərin – armaturçuların, qəlibçilərin, suvaqçıların və kafel ustalarının seçiminə başlanılıb.
İsrailli mütəxəssislər işçilərin peşə bacarıqlarını yoxlamaq üçün şəxsən Daşkəndə gəliblər. Nəticədə minlərlə Özbəkistan vətəndaşı B/1 iş vizası, tibbi sığorta və rəsmi əmək müqaviləsi əldə edib. Həmin işçilərin aylıq gəlirlərinin təxminən 1500–3000 dollar arasında olduğu qeyd edilir.
Bu vəsait isə hazırda həmin insanların ailələrinin gəlirlərinə çevrilir.
Kənd təsərrüfatı üçün su texnologiyaları
Mərkəzi Asiyanın qarşıdakı onilliklər üçün əsas problemlərindən biri su qıtlığıdır.
İsrail su ehtiyatlarından səmərəli istifadə texnologiyaları ilə tanınır. Özbəkistanda İsrailin “Netafim” şirkətinin layihələri də həyata keçirilir. Şirkətin damcı suvarma sistemləri Buxara, Qaşqadərya və Cizzəx vilayətlərində pambıq və taxıl təsərrüfatlarında tətbiq olunur.
Bu sistemlərin su sərfiyyatını əhəmiyyətli dərəcədə azaltmağa imkan verdiyi bildirilir.
Bundan başqa, “Watergen” şirkətinin havadan içməli su əldə edən texnologiyalarının Qaraqalpaqıstan və Buxarada sınaqdan keçirildiyi və quraşdırıldığı qeyd olunur.
Bu məsələyə müəllif ərzaq təhlükəsizliyi və su təminatı prizmasından yanaşır.
Eyni praqmatik yanaşmanın İran istiqamətində də müşahidə edildiyi bildirilir.
Özbəkistan okeana birbaşa çıxışı olmayan ölkədir. Buna görə də məhsullarının dünya bazarlarına çıxarılması üçün cənub nəqliyyat dəhlizləri və İranın Çabahar dərin sulu limanı mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən Daşkənd Tehranla logistika əlaqələrini inkişaf etdirir və yükdaşımaların həcmini artırmağa çalışır.
ABŞ, İsrail və İran arasında hərbi gərginlik artdıqda isə Özbəkistanın xarici siyasətində daha ehtiyatlı ritorika müşahidə olunur. Ölkənin rəsmi mövqeyi, bir qayda olaraq, diplomatik həllə çağırış, ticarət marşrutlarının qorunması və regional qarşıdurmalara birbaşa cəlb olunmamaq üzərində qurulur.
Sosial şəbəkələrdəki emosional çağırışlar öz-özlüyündə nə yeni iş yerləri yaradır, nə miqrantların hüquqlarını qoruyur, nə də quraq torpaqlara su çatdırır.
Dövlətlərin xarici siyasətində isə ictimai emosiyalarla yanaşı, iqtisadi maraqlar, əmək bazarı, su təhlükəsizliyi və nəqliyyat-logistika imkanları da mühüm rol oynayır.
Hazırladı: KONKRET.az-ın Araşdırma Qrupu
