1918-ci il oktyabrın 5-də Almaniya atəşkəs üçün müraciət etdi. Berlində hələ də tərəflərin bərabərhüquqlu danışıqlar aparacağına ümid edirdilər. Lakin oktyabrın 24-də Antanta Almaniyaya şərtlər siyahısı göndərdi. Bu sənəd müzakirəyə dəvətdən daha çox kapitulyasiya təlimatını xatırladırdı.
Almaniyaya açıq şəkildə belə bir reallıq izah edildi: müharibəni davam etdirmək gücündə olmadığı üçün onun dayandırılmasını istəyən tərəfin danışıqlarda güzəşt əldə etmək imkanları kəskin şəkildə azalır.
Almaniya irəli sürülən şərtlərlə razılaşdı və 1918-ci il noyabrın 11-də Kompyen atəşkəs sazişi imzalandı. Bununla da Qərb cəbhəsində hərbi əməliyyatlar faktiki olaraq başa çatdı.
Həmin vaxtdan bəri müxtəlif dövrlərin liderləri tarixin acı bir qanunauyğunluğu ilə dəfələrlə üzləşiblər: əgər atəşkəs güclü mövqedən tələb olunursa, danışıqlar üçün imkan yarana bilər. Lakin zəif mövqedən atəşkəs istənilirsə, qarşı tərəfdən danışıqlar təklifi əvəzinə tələblər siyahısı almaq ehtimalı artır.
Bu baxımdan tarix təəccüblü dərəcədə dəyişməzdir. Bayraqlar, generallar, şüarlar və televiziya kanalları dəyişir. Dəyişməyən isə köhnə bir qaydadır: qaliblər öz şərtlərini adətən sülh adlandırır, məğlublar isə həmin şərtləri ultimatum kimi qəbul edirlər.
Tarixdən çıxarılan dərs budur: müharibənin necə başa çatması çox vaxt atəşkəs istəyən tərəfin deyil, onun hansı mövqedən müraciət etməsinin nəticəsidir.
Natiq Səlim,
KONKRET.az
