ABŞ-ın Miçiqan ştatında baş verən dəhşətli hadisə cəmiyyəti sarsıdıb. DeVitt şəhərindən olan Tamal və Cerri Flore cütlüyü illər ərzində 16 uşağı övladlığa götürüb, daha sonra isə himayələrinə əlavə uşaqlar qəbul ediblər. Lakin sonradan məlum olub ki, ailənin uşaqlara münasibəti heç də göründüyü kimi olmayıb.
KONKRET.az xəbər verir ki, ştat prokurorluğunun məlumatına görə, ər-arvad uşaqları himayəyə götürməyi maddi qazanc mənbəyinə çeviriblər. Onların adına müxtəlif dövlət müavinətləri və subsidiyalar rəsmiləşdirilib. İstintaq materiallarına əsasən, başqa bir ailə ilə birlikdə dövlətdən bu məqsədlə 1 milyon dollardan artıq vəsait əldə ediblər.
Lakin hadisənin ən dəhşətli tərəfi maddi mənfəət deyil, uşaqların məruz qaldığı qəddar rəftar olub.
Məlumata görə, ər-arvad “intizam” adı altında uşaqları illərlə fiziki və psixoloji zorakılığa məruz qoyublar. Onlar kəmər və taxta qaşıqlarla döyülüb, yeməkdən məhrum edilib, otaqlarda və qarajda günlərlə bağlı saxlanılıb. Bəzi uşaqlar isə mətbəxin döşəməsində çəkilmiş xüsusi kvadratın daxilində saatlarla hərəkətsiz dayanmağa məcbur ediliblər.
16 uşaqdan 7-si bu qəddar rəftarın qurbanı olub.
Altı il davam edən məhkəmə prosesi
İş üzrə hüquqi mübarizə uzun müddət davam edib. Tamal və Cerri Flore hələ 2021-ci ildə həbs olunublar. 2023-cü ildə yerli prokuror işi bağlasa da, ştatın Baş Prokurorluğu araşdırmanı yenidən başladıb və cinayət təqibini davam etdirib.
Nəhayət, altı həftə davam edən məhkəmə prosesindən sonra, 30 oktyabr 2026-cı ildə andlılar məhkəməsi hökmünü elan edib.
59 yaşlı Tamal Flore bir neçə epizod üzrə birinci dərəcəli uşaq zorakılığı da daxil olmaqla, ümumilikdə 11 ittiham maddəsi üzrə təqsirli bilinib. Bu cinayətlərə görə ona hətta ömürlük həbs cəzası da verilə bilər.
61 yaşlı Cerri Flore isə ikinci dərəcəli uşaq zorakılığı üzrə bir maddədə təqsirli bilinib. Bu ittiham üzrə onu 10 ilədək həbs cəzası gözləyir. O, digər ittihamlar üzrə bəraət alıb.
Hər iki şəxs barəsində yekun cəza 11 yanvar 2027-ci ildə elan olunacaq.
Bu hadisə bir daha göstərir ki, uşağın övladlığa götürülməsi və ya himayəyə verilməsi yalnız hüquqi prosedurun tamamlanması ilə bitməməlidir. Belə ailələrə nəzarət, uşaqların təhlükəsizliyinin təmin olunması və dövlət tərəfindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi xüsusi diqqət tələb edir.
Çünki valideyn himayəsinə ehtiyacı olan uşaqların taleyi kiminsə maddi qazanc vasitəsinə çevrilməməlidir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
