Avstriya Ali Məhkəməsindən qəribə QƏRAR – Qurbağalar məhkəmədə qalib gəldibackend

Avstriya Ali Məhkəməsindən qəribə QƏRAR - Qurbağalar məhkəmədə qalib gəldi

Avstriyanın Paşinq şəhərciyində baş verən məhkəmə çəkişməsi qeyri-adiliyi ilə diqqət çəkib. Bu dəfə məhkəmə qarşısında insan deyil, gecələr qonşuların rahatlığını pozmaqda ittiham olunan qurbağalar dayanıb. Özü də onların bu ittihamdan xəbəri belə olmayıb!

KONKRET.az xəbər verir ki, hər şey adi bir bağ gölməçəsindən başlayıb. Qurbağalar özləri həmin su hövzəsini məskən seçib, çoxalıb və təxminən 50 fərddən ibarət böyük bir koloniya yaradıblar. Sonra isə gecə-gündüz davam edən “konsertlərinə” başlayıblar. Xüsusilə cütləşmə mövsümündə gecələr daha gur səslə quruldayaraq ətrafdakıların rahatlığını pozublar.

Qonşulardan biri bu səs-küyə dözə bilməyərək məhkəməyə müraciət edib. Aparılan ekspertiza da qurbağaların səsinin gecə saatlarında ümumi səs-küy səviyyəsini 4 desibel artırdığını, xüsusilə gur “çıxışlar” zamanı isə səsin 50 desibelə çatdığını müəyyən edib.

Birinci instansiya məhkəməsi iddiaçının mövqeyini dəstəkləyib və gölməçənin sahibini saat 22:00-dan səhər 06:00-dək ərazidə səssizliyi təmin etməyə məcbur edib.

Amma burada kiçik bir problem ortaya çıxıb: qurbağalara Avstriyada saat 22:00-dan sonra susmağın vacib olduğunu kim başa salmalı idi?

Gölməçənin sahibi hətta səs-küy yaradan qurbağaların sayını azaltmaq ümidi ilə su hövzəsinə durna balığı da buraxıb. Lakin bu üsul da gözlənilən nəticəni verməyib.

Beləliklə, apellyasiya şikayətləri, məhkəmə çəkişmələri və əlavə xərclər başlayıb. Nəticədə iş Avstriya Ali Məhkəməsinə qədər gedib çıxıb.

Nəhayət, 29 sentyabr 2026-cı ildə qurbağalar bu qeyri-adi məhkəmə mübarizəsinin qalibi olublar!

Ali Məhkəmə müəyyən edib ki, suda-quruda yaşayanlar gölməçədə öz təşəbbüsləri ilə məskunlaşıblar və qanunla qorunurlar. Torpaq sahəsinin sahibi isə təbiətin yaratdığı təbii səslərə görə məsuliyyət daşıya bilməz.

Üstəlik, məhkəmə çəkişməsində məğlub olan qonşular sonuncu məhkəmə prosesi üzrə 826,80 avro məbləğində xərci də ödəməli olublar.

Beləliklə, qurbağalar məhkəmə zalına belə gəlmədən prosesi udublar. İndi isə qanuni şəkildə gecələr də var səsləri ilə qaqqıldaya bilərlər!

Durna balığına gəlincə, görünür, o, sadəcə pulsuz yaşayış yeri və yemək əldə edib.

Təbiətin öz qanunları var, görünür, Avstriya məhkəməsi də bu dəfə həmin qanunlara hörmət etməyi üstün tutub!

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*