Aydın Mirzəzadə: “Azərbaycan yeni bir dövlətçilik imtahanından üzüağ çıxdı”backend

Aydın Mirzəzadə: “Azərbaycan yeni bir dövlətçilik imtahanından üzüağ çıxdı”

Aydın Mirəzadə: ”Parlament seçkiləri rəqabətli və çətin şəraitdə keçdi”

9 fevral ölkə tarixində əlamətdar və olduqca vacib hadisə – növbədənkənar parlament seçkiləri ilə yadda qaldı.  Seçkilərin gedişini yerli və beynəlxalq müşahidəçilər izləyərək, öz yekun bəyanatlarını səsləndirdilər. Beləliklə ölkənin qanunverici orqanına keçirilən növbədənkənar seçkilər baş tutmuş hesab olundu və Mərkəzi Seçki Komissiyası (MSK) 125 dairədən qalib gələn namizədlərin siyahısını açıqladı. İndi böyükdən-kiçiyə hər kəs yeni tərkibdə formalaşacaq parlamentin ölkədə həyata keçirilən genişmiqyaslı islahatlara tam gücü ilə dəstək verəcəyinə ümid edir. Eyni zamanda Milli Məclisin xalqın rifahına xidmət edəcək qanunlar qəbul edəcəyinə inam da çox böyükdür.

47 saylı Mingəçevir Seçki Dairəsindən millət vəkili seçilən Aydın Mirzəzadə deyir ki, parlament seçkiləri rəqabətli, gərgin və çətin şəraitdə keçdi. Bununla yanaşı olduqca şəffaf və demokratik seçkinin şahidi olduq: “Namizəd olduğum dairədə mənimlə birlikdə 12 nəfər mübarizə aparırdı. Onların içərisində radikal müxalifətdən tutmuş, müstəqil namizədlərə qədər bir çox şəxslər deputat mandatı uğrunda rəqabətə girmişdilər. Hər kəs öz təbliğatını həyata keçirirdi. Mən onların fəaliyyətinə hörmətlə yanaşırdım. Buna rəğmən öz platformamı açıqlayır, insanlarla görüşlər keçirir və gördüyüm işlərin hesabatını verirdim. Eyni zamanda seçiləcəyim təqdirdə görəcəyim işlər barədə seçicilərimi məlumatlandırırdım”.

Aydın Mirzəzadənin sözlərinə görə, təbliğat-təşviqat kampaniyası zamanı insanların yenilənmiş Parlamentə marağının şahidi olub: “ Hər kəs öz seçimini etmək hüququnu qoruyurdu. Hesab edirəm ki, seçki məcəlləsi və mədəniyyəti bizə cəmiyyətin maraqlarını təbliğ edən Parlament formalaşdırmağa imkan verəcək. Eyni zamanda seçkilər onu göstərdi ki, qalib namizəd etimada görə seçiciyə minnətdardır və onun problemləri ilə məşğul olub , maraqlarını milli Məclisdə müdafiə etməlidir. Düşünürəm ki, seçkidən sonra işimi bir qədər də yüksək səviyyədə həyata keçirəcəm və insanlarla əvvəlkindən daha sıx təmasda olmağa çalışacam. Onsuzda insanlar mənə zəng edərək müxtəlif məsələlərlə bağlı yardım istəyirlər, məsləhət alırlar. Mən isə öz növbəmdə onlara ya istiqamət verirəm, yaxud da kömək üçün diqqətə götürürəm”.

Millət vəkili qeyd edib ki, Azərbaycan yeni bir dövlətçilik imtahanından üzüağ çıxdı: “Azərbaycan demokratiya imtahanını yüksək səviyyədə verdi. Azərbaycan özünün müstəqilliyini və dövlətçiliyini məhz demokratiya və insan hüquqlarının qorunması üzərində qurduğunu bir daha ortaya qoydu. Ona görə də, hesab edirəm ki, yeni Parlament islahatçılıq, yeniləşmə , demokratiyanın dərinləşməsi , Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi istiqamətində prezident İlham Əliyevlə birlikdə işlər görməyə qadirdir”.

 

     Müşviq Tofiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*