Azərbaycan son illərdə beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi etməklə dünyanın diqqət mərkəzində olmağı bacarıb. COP29-dan sonra Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası da ölkənin artan beynəlxalq nüfuzunun və qlobal proseslərdə fəal iştirakının növbəti göstəricisi kimi qiymətləndirilir. Dünyanın müxtəlif ölkələrindən rəsmilərin, ekspertlərin və beynəlxalq təşkilat nümayəndələrinin qatıldığı forum Azərbaycanın müasir inkişaf modelini, təhlükəsiz və sabit ölkə imicini bir daha nümayiş etdirir.
Bəs WUF13-ün Azərbaycanda keçirilməsi ölkəmizə hansı üstünlükləri qazandırır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Azər Həsrət bildirib ki, Azərbaycan artıq qlobal miqyasda söz sahibi olan dövlətə çevrilib:

Azər Həsrət
“Azərbaycan çağdaş dövrün ən parlaq dövlət örnəklərindən biridir. Ərazisinin və əhalisinin böyük olmamasına baxmayaraq, artıq qlobal oyunçu kimi çıxış etməyi bacarıb. Bu gün Azərbaycan elə beynəlxalq tədbirlərə ev sahibliyi edir ki, bəzi böyük dövlətlər belə buna cəsarət etmir.
Biz bundan əvvəl COP29-a ev sahibliyi etdik. Prezident İlham Əliyevin də dediyi kimi, həmin vaxt bütün dünya Azərbaycana gəldi. Bundan başqa, Azərbaycan“Eurovision” mahnı müsabiqəsinə, Birinci Avropa Oyunlarına ev sahibliyi edib, müxtəlif beynəlxalq forumlar keçirib. Dünyanın taleyi ilə bağlı vacib məsələlər Bakıda müzakirə olunur.
Azərbaycan Qoşulmama Hərəkatına çox uğurla rəhbərlik edib. Türk birliyinin qurulması istiqamətində də Azərbaycanın sözü və rolu mütləqdir. Bu baxımdan WUF-u Azərbaycanın qüdrətinin növbəti təsdiqi kimi qiymətləndirmək lazımdır”.
Ekspert hesab edir ki, forumun Bakıda keçirilməsi ölkənin imicinə mühüm töhfə verir və Azərbaycanın əleyhdarlarının yaratmağa çalışdığı mənfi təsəvvürləri dağıdır:
“Hazırda bütün dünyanın diqqəti Azərbaycanın üzərindədir. Əleyhdarlarımız isə bu uğurlarımızdan narahat olurlar. Çünki onlar Azərbaycanı dünyaya fərqli şəkildə təqdim etməyə çalışırdılar. Amma dünya gəlib görür ki, burada müasir, inkişaf edən və bir çox ölkələr üçün nümunə ola biləcək Azərbaycan var”.
Aynurə İsmayıl
KONKRET.az
