Azərbaycan regionlarında “Şəhidimiz” kampaniyası həyata keçirildibackend

Azərbaycan regionlarında “Şəhidimiz” kampaniyası həyata keçirildi

“Azərbaycan Könüllülük Həftəsi”nə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Şəhidimiz” kampaniyasına start verilib.

Azərbaycan Respublikasının Gənclər Fondundan KONKRET.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə təşkil edilən tədbirə bütün könüllü təşkilatları və hərəkatları qatılıb. Kampaniya çərçivəsində respublikanın 17 şəhər və rayonunda ümumilikdə 147 şəhid ailəsi gənclər tərəfindən ziyarət edilib və onlarla həmrəylik nümayiş olunub.

Bu çərçivədə Gənc Könüllülər, ASAN Könüllülər, RİİB Könüllüləri, BİR Tələbə-Könüllülər, Aqrar İnkişaf Könüllüləri, KOB Könüllüləri, Miqrasiya Könüllüləri və digər hərəkatları təmsil edən gənclər rayon və şəhər Şəhidlər Xiyabanlarını ziyarət edib, şəhid olan soydaşlarımızın ailələrinə baş çəkib, onlarla həmsöhbət olub və dəstəklərini nümayiş etdiriblər. Ümumilikdə, 2 gün ərzində kampaniyaya 2 mindən artıq gənc qoşulub.

Qeyd edək ki, “Şəhidimiz” kampaniyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 fevral tarixində gənclərlə görüşü zamanı gənclərə vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq barədə tövsiyələrindən ruhlanan bir qrup gəncin təşəbbüsü ilə Novruz bayramı ərəfəsində başlanılıb. Ənənəvi olaraq, gənclər “Şəhidimiz” devizi ilə bayramlarda və əlamətdar günlərdə şəhid ailələrini ziyarət edirlər.

“Azərbaycan Könüllülük Həftəsi” 9 dekabradək bütün ölkəni əhatə edən tədbirlərlə davam edəcək. Növbəti günlərdə “VətənimİZ” devizi altında tariximiz və milli-mənəvi dəyərlərimizin təbliği, “Könüllülük sərhəd tanımır!” çərçivəsində xüsusi qayğıya ehtiyacı olan insanlar üçün sosial işlər, “TəbiətimİZ” adı altında ekoloji aksiyaların təşkili nəzərdə tutulur.

5 dekabrda isə Azərbaycan Könüllülərinin Həmrəylik Forumunda və xüsusi konsert-əyləncə proqramında minlərlə gənc iştirak edəcək. Həftənin ən fəal 300 könüllüsü 4 günlük qış düşərgəsində faydalı istirahət və əyləncə, şəxsi inkişaf imkanı əldə edəcək.

Bir cavab yazın