Vergi Məcəlləsi parça-parça yox, vahid konsepsiya ilə yenilənməlidir – Yeni yanaşmabackend

Vergi Məcəlləsi parça-parça yox, vahid konsepsiya ilə yenilənməlidir - Yeni yanaşma

Azərbaycanda Vergi Məcəlləsinin mövcud iqtisadi reallıqlara uyğunlaşdırılması və bütövlükdə yenidən işlənməsi məsələsi son dövrlər daha çox gündəmə gəlir. İqtisadiyyatın strukturunda baş verən dəyişikliklər, rəqəmsal biznes modellərinin genişlənməsi, elektron ticarətin inkişafı və kölgə iqtisadiyyatının azaldılması zərurəti vergi sisteminə yeni yanaşmanı tələb edir.

Bəs Azərbaycan üçün yeni vergi sistemi formalaşdırılarkən hansı prinsiplər əsas götürülməlidir? Mövcud Vergi Məcəlləsində hansı müddəalar artıq müasir iqtisadi münasibətlərə cavab vermir və sahibkarlığın inkişafı ilə büdcə gəlirlərinin qorunması arasında necə balans yaratmaq olar?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, məsələyə yalnız Vergi Məcəlləsinin ayrı-ayrı maddələrinin dəyişdirilməsi kimi deyil, bütövlükdə vergi fəlsəfəsinin yenilənməsi kimi yanaşmaq lazımdır.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli: “İdxalın bu qədər  artması xüsusən ciddi siqnaldır”

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatında son illərdə ciddi struktur dəyişiklikləri baş verib:

“Qeyri-neft sektorunun, xidmətlərin, elektron ticarətin, rəqəmsal ödənişlərin və yeni biznes modellərinin çəkisi artır. 2026-cı il üzrə qəbul edilən son dəyişikliklərin özündə də artıq vergi yükünün optimallaşdırılması, sahibkarlığın təşviqi, vergi nəzarətinin təkmilləşdirilməsi və kölgə iqtisadiyyatının azaldılması əsas istiqamətlər kimi müəyyənləşdirilib”.

Akif Nəsirli hesab edir ki, yeni vergi sisteminin əsas prinsipi “dərəcəni artırmaqla daha çox vergi toplamaq” deyil, “vergi bazasını genişləndirməklə daha çox ödəyicidən daha ədalətli vergi toplamaq” olmalıdır.

İqtisadçı qeyd edib ki, burada yalnız vergi dərəcələri deyil, sahibkarın vergi ödəyərkən üzləşdiyi inzibati xərclər, hesabatların mürəkkəbliyi, güzəştlərin sayı və onların iqtisadi səmərəsi də nəzərə alınmalıdır:

“Sahibkar üçün vergi ödəmək vergi ödəməməkdən daha rahat və daha təhlükəsiz olduğu halda kölgə iqtisadiyyatını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür”.

Ekspertin fikrincə, mövcud Məcəllənin əsas problemlərindən biri uzun illər ərzində çoxsaylı dəyişikliklər nəticəsində mürəkkəbləşməsidir. Ayrı-ayrı fəaliyyət sahələri üzrə güzəştlərin, istisnaların, xüsusi rejimlərin və keçid müddəalarının artması sistemin ümumi məntiqinin anlaşılmasını çətinləşdirir.

Bu səbəbdən yeni redaksiyada “qayda əsasdır, istisna minimum olmalıdır” prinsipi tətbiq edilə bilər.

Nəsirli vurğulayıb ki, güzəştlər yalnız konkret iqtisadi nəticə yaratdığı halda saxlanılmalıdır. Bunlara yeni investisiyaların cəlb edilməsi, iş yerlərinin yaradılması, ixracın artırılması, texnologiyanın inkişafı, məhsuldarlığın yüksəldilməsi və regionların inkişafı aid edilə bilər.

Akif Nəsirli mikro və kiçik sahibkarlığın vergiyə cəlb edilməsinin də yeni yanaşma tələb etdiyini bildirib. Onun sözlərinə görə, kiçik biznes üçün vergi sistemi ilk növbədə sadə, proqnozlaşdırılan və dövriyyəyə uyğun olmalıdır.

Lakin burada dövriyyə vergisinin bizneslərin süni şəkildə xırdalanmasına, əlaqəli şirkətlərin yaradılmasına və dövriyyənin bölünməsinə stimul verməməsi üçün daha çevik nəzarət mexanizmlərinin qurulması vacibdir.

Ekspert hesab edir ki, vergi yükünün optimallaşdırılması yalnız vergi ödənişləri ilə məhdudlaşmamalıdır. Sosial sığorta ödənişləri də bu prosesdə kompleks şəkildə nəzərdən keçirilməlidir.

Onun fikrincə, əmək müqaviləsi ilə işləyən şəxslərlə qeyri-formal məşğulluq arasındakı maliyyə fərqi azaldılmalıdır:

“İşəgötürən üçün rəsmi işçi saxlamağın ümumi xərci yüksək olaraq qalarsa, yalnız gəlir vergisinin azaldılması kölgə məşğulluğunu tam həll etməyəcək”.

İqtisadçı ƏDV sisteminin daha çevik qurulmasının vacibliyini də qeyd edib. Onun fikrincə, burada əsas məqsəd ƏDV-dən yayınmanı çətinləşdirmək, eyni zamanda dürüst biznesin dövriyyəsinə və likvidliyinə əlavə yük yaratmamaqdır.

POS ödənişlərinin stimullaşdırılması istiqamətində artıq müəyyən mexanizmlərin tətbiq olunduğunu xatırladan Nəsirli bildirib ki, bu yanaşma digər sahələrdə də nəticəsindən asılı olaraq genişləndirilə bilər.

Ekspertin fikrincə, yeni vergi sistemində ən ciddi yeniliklərdən biri risk əsaslı vergi nəzarətinin tətbiqi olmalıdır.

Onun sözlərinə görə, bütün sahibkarların eyni intensivliklə yoxlanılması əvəzinə, rəqəmsal məlumatlar əsasında yüksək riskli əməliyyatlar müəyyənləşdirilməlidir.

Bu məqsədlə e-qaimə, POS, bank dövriyyəsi, gömrük məlumatları, əmək müqavilələri və digər məlumatların vahid analitik sistemdə əlaqələndirilməsi mümkündür.

Belə olduğu halda dürüst sahibkarın üzərində inzibati yük azalacaq, vergi orqanlarının əsas diqqəti isə vergidən yayınma ehtimalı yüksək olan subyektlərə yönələcək.

Nəsirli hesab edir ki, vergi orqanlarının fəaliyyətində “nə qədər çox yoxlama, o qədər yaxşı” yanaşması deyil, “nə qədər çox könüllü uyğunluq, o qədər səmərəli sistem” prinsipi əsas götürülməlidir.

Akif Nəsirlinin sözlərinə görə, kölgə iqtisadiyyatına qarşı mübarizədə cərimələrin artırılmasından daha effektiv vasitə iqtisadi əməliyyatların şəffaflığının yüksəldilməsidir.

Bu baxımdan nağdsız ödənişlərin stimullaşdırılması, elektron qaimələrin geniş tətbiqi, rəqəmsal kassa sistemləri, avtomatik məlumat mübadiləsi və real gəlirlərlə bəyan edilmiş gəlirlərin müqayisəsi əsas mexanizmlərdən ola bilər.

Ekspert əlavə edib ki, vergi sisteminin effektivliyi həm də dövlətlə vergi ödəyicisi arasında etimadın səviyyəsindən asılıdır. Vergi qanunvericiliyinin tez-tez dəyişdirilməsi sahibkarların uzunmüddətli investisiya qərarlarına mənfi təsir göstərə bilər.

Bu səbəbdən əsas vergi dərəcələri və qaydalar üzrə müəyyən müddətli sabitliyin təmin edilməsi, dəyişikliklər zamanı isə əvvəlcədən elan edilmiş keçid dövrlərinin müəyyənləşdirilməsi vacibdir.

İqtisadçı hesab edir ki, büdcə gəlirlərinin artırılması mövcud vergi ödəyicilərinin üzərinə əlavə yük qoymaqla həll edilməməlidir.

Daha sağlam model vergi bazasının genişləndirilməsi, yeni iqtisadi fəaliyyətlərin vergiyə cəlb olunması, qeyri-formal məşğulluğun rəsmiləşdirilməsi, vergidən yayınmanın rəqəmsal üsullarla aşkarlanması və səmərəsiz güzəştlərin mərhələli şəkildə aradan qaldırılmasını nəzərdə tutur.

Nəsirli xaricdən əldə olunan bəzi gəlirlər üzrə vergi dərəcələrinin aşağı salınmasını da könüllü bəyanetmənin təşviqi baxımından nümunə kimi göstərib.

Onun sözlərinə görə, 2026-cı il dəyişikliklərində xaricdən əldə edilən dividend gəlirləri üzrə fiziki şəxslər üçün dərəcənin 14 faizdən 5 faizə endirilməsi nəzərdə tutulub.

Nəticə etibarilə, ekspert hesab edir ki, Azərbaycanın yeni vergi sistemi eyni vaxtda üç əsas məqsədi təmin etməlidir: dövlət üçün dayanıqlı gəlir, biznes üçün proqnozlaşdırılan və münasib vergi mühiti, cəmiyyət üçün isə daha ədalətli vergitutma.

Bu baxımdan Vergi Məcəlləsinin ayrı-ayrı maddələr üzrə dəyişdirilməsi əvəzinə vergi bazası, güzəştlər, ƏDV, mənfəət və gəlir vergisi, sosial sığorta, rəqəmsal iqtisadiyyat, mikro sahibkarlıq və vergi nəzarətinin vahid konsepsiya əsasında yenidən qiymətləndirilməsi daha məqsədəuyğun hesab olunur.

Akif Nəsirlinin fikrincə, yeni vergi sistemində əsas meyar vergi dərəcəsinin neçə faiz olması deyil, həmin verginin iqtisadi davranışa necə təsir göstərməsidir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*