Ermənistanın Tavuş vilayətinin Aşağı Əskipara kəndi yaxınlığında sərhəd hasarının tikintisi başa çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Sputnik Ermənistanın sorğusuna cavab olaraq Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) təsdiqləyib.
MTX-dən bildirilib ki, Aşağı Əskipara sərhəd sahəsində, sorğuda göstərilən koordinatlar üzrə tikanlı məftillərlə sərhəd maneələrinin qurulması istiqamətində müvafiq işlər aparılır.
Məlumata görə, xəritədə qırmızı xətt Bağanis Ayrım və Əskipara kəndləri arasındakı sərhəd hasarını göstərir. Narıncı rənglə bir neçə yüz metrlik tamamlanmamış hissə qeyd olunub.
Həmçinin, tünd qəhvəyi rənglə əvvəllər Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olan və sonradan Azərbaycana verilən ərazi göstərilib.
Açıq qəhvəyi rəng isə Ermənistan və Azərbaycan sərhəd qüvvələri arasındakı “neytral zona”nı ifadə edir ki, delimitasiya prosesindən sonra bu ərazi də tam şəkildə Azərbaycanın nəzarətinə keçib.
Ermənistan MTX-si 2024-cü ildə delimitasiya və demarkasiya prosesinin başlamasından sonra sözügedən sərhəd hasarının niyə indiyədək tam başa çatdırılmadığı ilə bağlı suala isə aydınlıq gətirməyib.
Qeyd edək ki, Tavuş vilayətində delimitasiya və demarkasiya prosesinin nəticələri daha əvvəl geniş şəkildə ictimaiyyətə təqdim olunub.
Müşviq Tofiqoğlu
KONKRET.az
