“Azərbaycançılıq ideologiyasının nəticəsidir ki, ölkədə milli və dini zəminli heç bir münaqişə formalaşmayıb” – ÖZƏLbackend

“Azərbaycançılıq ideologiyasının nəticəsidir ki, ölkədə milli və dini zəminli heç bir münaqişə formalaşmayıb” - ÖZƏL

Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını və bu ölkədə dünyəvi prinsiplərə malik sivil, demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır.  Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir.

Mövzunu KONKRET.az-a şərh edən “Qafqaz: əməkdaşlıq və inteqrasiya” klubunun sədri, politoloq Anar Əliyev bildirib ki, Sovet imperiyası dağıldıqdan və Azərbaycan müstəqillik əldə etdikdən sonra qarşıda çox mühüm vəzifələr dayanırdı: “Xüsusilə, Sovet təsərrüfat sistemindən bazar iqtisadiyyatına keçid, Ermənistanın havadarlarının dəstəyi ilə Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti, sənaye və istehsalatın dayanması, sürətli inflyasiya və milli valyutanın dəyərdən düşməsi, ölkəmizin dünya dövlətlər sisteminə inteqrasiyası ilə bağlı ciddi problemlər dövlətimizin gələcəyi üçün təhdid və təhlükələr formalaşdırırdı.

Azərbaycan müstəqilliyə nail olduqdan sonra, hakimyyəti əldə edən şəxslərin “kreslo” mübarizəsi, dövlət idarəetmə təcrübəsinin olmaması bu problemləri daha da sürətləndirirdi. Xüsusilə, ölkədəki ayrı-ayrı etnik azlıqlar arasında münasibətlər gərginləşir və vətəndaş müharibəsi təhlükəsi yaranırdı.

Azərbaycanın Qarabağ bölgəsində 20 faizdən artıq torpağımız Ermənistan tərəfindən işğal olunmuşdu. Qərbi Azərbaycan və Qarabağdan bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilmişdi. Azərbaycanın şimalında “Sadval” təşkilatı öz havadarlarının dəstəyi ilə separatçı fəaliyyət göstərirdi. Cənub bölgəsində bir çox beynəlxalq güclərin, xüsusən də İranın himayəsi ilə Əlikram Hümbətovun başçılığı ilə separatçı “Talış-Muğan Respublikası”nın yaradılmasına çalışırdılar. Məhz belə bir çətin vəziyyətdə Azərbaycan xalqı çıxış yolunu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə dəvət olunmasında gördü.

Çünki xalq Ulu Öndərin zəngin təcrübəsinin, bilik və bacarıqlarının Azərbaycanı dağılmaqdan xilas edəcəyini yaxşı bilirdi. Məhz 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda hakimiyyətin möhkəmləndirilməsi, mərkəzdənqaçma meyllərinin aradan qaldırılması, Qarabağda müharibənin dayandırılması, tənəzzül edən sənayenin dirçəldilməsi, yeni iqtisadi layihələrin həyata keçirilməsi ölkəni dağılmaqdan xilas etdi. “Əsrin Müqaviləsi”nin imzalanması isə təbii ehtiyyatlarımızın dünya bazarına çıxarılması istiqamətində tarixi addım oldu”.

Şuşanın ruhu artıq azaddır - politoloq Anar Əliyev

Anar Əliyevin sözlərinə görə, qarşıda duran ən mühüm vəzifələrdən biri də daxili və xarici düşmənlərimiz hesabına etnik qruplar arasında formalaşdırılan separatçı mühiti aradan qaldırmaq idi: “Məhz bunu ən böyük təhlükə kimi qiymətləndirən ümummilli lider Heydər Əliyev dinindən, irqindən və millətindən asılı olmayaraq, hər bir vətəndaşın vətəninə çevriləcək azərbaycançılıq ideologiyasının əsasını qoydu. Birbaşa onun rəhbərliyi altında azərbaycançılıq ideyasının təbliğinə başlanıldı. 1995-ci il 12 noyabr tarixində Ulu Öndərin birbaşa nəzarəti altında Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Bu Konstitusiya aktında Azərbaycançılıq İdeologiyasının əsas komponentlərinin öz əksini tapması, ölkəni milli-etnik zəminli münaqişələrdən və parçalanmaq təhlükəsindən xilas etdi. Məhz Ulu Öndərin birbaşa iştirakı və təkidi ilə dilimizin Azərbaycan dili olması ilə bağlı ayrıca bənd Konstitusiya aktında öz əksini tapdı. Bu yanaşmalar Azərbaycanda təmsil olunan milli-etnik qruplar arasında süni şəkildə formalaşdırılan narazılıqları aradan qaldırdı. Ümummilli liderin uzaqgörən düşüncəsi və dövlətçilik siyasəti nəticəsində hamımız Azərbaycançılıq məfkurəsi altında birləşdik. Hələ 1990-cı illərin ortalarından uğurla həyata keçirilməyə başlayan azərbaycançılıq ideologiyasının nəticəsi olaraq ölkədə milli və dini-irqi zəminli heç bir münaqişə formalaşa bilmədi”.

Politoloq əlavə edib ki, məhz ulu öndər Heydər Əliyevin bu uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi, hələ 2023-cü ildəki seçkilərdə, “Mən hər bir azərbaycanlının Prezidenti olacam” deməsi və bu fikirin doğrulması istiqamətində addımlar atması Azərbaycanı sürətlə inkişaf edən çoxmillətli dövlətə çevirdi.

Artıq hər bir fərqli din daşıyıcısı özünü Azərbaycanda bərabərhüquqlu vətəndaş kimi hiss edir. Azərbaycançılıq ideologiyasının uğurla davam etdirilməsinin nəticəsidir ki, Vətən müharibəsində dinindən və millətindən asılı olmayaraq hər bir gənc Qarabağı özünün şərəf, namus və ləyaqət məsələsi bilərək, gözünü qırpmadan düşmən üzərinə yeridi. Bu gün Azərbaycanda millətlər və etnik qruplar arasında ayrı-seçkilik tətbiq olunmur. Onların hər birinin hüququ Konstitusiya ilə qorunur. Məhz bunun nəticəsidir ki, Azərbaycanda tolerantlıq və insanların bərabərhüquqlu imkanlarının formalaşdırılması bir çox dövlətlər tərəfindən araşdırılır. Hesab edirəm ki, Azərbaycanın əldə etdiyi uğurların arxasında ulu öndərin bir çox istiqamətlərdə həyata keçirdiyi fəaliyyətlə yanaşı, həm də azərbaycançılıq İdeologiyası dayanır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli” mövzusuna həsr olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*