Azərbaycanda bu meyvələrin qiyməti bahalaşacaq – SƏBƏB NƏDİR?backend

Azərbaycanda bu meyvələrin qiyməti bahalaşacaq - SƏBƏB NƏDİR?

Aprel ayında müşahidə olunan qeyri-sabit hava şəraiti, intensiv yağıntılar və dolu hadisələri Azərbaycanın bir sıra bölgələrində kənd təsərrüfatına ciddi ziyan vurub. Xüsusilə, meyvə bağlarında çiçəkləmə dövrünə təsadüf edən bu proses məhsuldarlığın azalmasına, bəzi təsərrüfatlarda isə əhəmiyyətli itkilərə səbəb olub.

Bəs bu vəziyyət yay aylarında bazarda meyvə qiymətlərinə necə təsir edəcək?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib ki, xüsusilə erkən çiçəkləyən çəyirdəkli meyvələr – ərik, gilas, albalı və gavalı bu hava şəraitindən daha çox zərər çəkib.

Asif İbrahimov

“Bu vəziyyət iyun-iyul aylarında bazara çıxacaq məhsulun həcminin azalmasına gətirib çıxaracaq. Təklifin azalması isə qiymətlərin artması ilə nəticələnəcək. Proqnozlara görə, ötən il nisbətən əlverişli qiymətə satılan gilas və ərik bu yay xeyli baha olacaq. Eyni tendensiyanın albalı və gavalı üçün də müşahidə olunacağı gözlənilir. Bu meyvələrin emal məhsullarına – mürəbbə və kompotlara da təsir göstərək”.

Mütəxəssis bildirir ki, şaftalı və nektarin bağlarında isə əsas problem rütubətli hava şəraitinin yaratdığı xəstəliklərdir.

“Monilioz və yarpaq qıvrılması kimi göbələk xəstəlikləri məhsulun bir hissəsini sıradan çıxarıb. Bu səbəbdən həmin meyvələrin də iyul-avqust aylarında ötən illə müqayisədə təxminən 30-40 faiz bahalaşacağı istisna edilmir. Bununla yanaşı, alma və armud kimi nisbətən gec çiçəkləyən meyvələrdə vəziyyət daha stabildir. Bu məhsullarda müəyyən zədələr qeydə alınsa da, kəskin qiymət artımı gözlənilmir.
Yağıntılar çiyələk istehsalına da mənfi təsir edib. Açıq sahələrdə yetişdirilən çiyələklərdə çürümə halları artıb və məhsul həcmi azalıb. Bu isə may-iyun aylarında çiyələyin də daha yüksək qiymətə təklif olunmasına səbəb ola bilər. İstixana şəraitində yetişdirilən məhsul isə nisbətən az zərər görüb. Digər tərəfdən, qarpız, yemiş və üzüm kimi daha gec yetişən yay meyvələrində hələlik ciddi problem müşahidə olunmur”.

Ümumilikdə, ilkin hesablamalara görə, əlverişsiz hava şəraiti kənd təsərrüfatına ziyan vurub. Mövcud vəziyyət isə yay mövsümündə meyvə bazarında qiymət artımını qaçılmaz edir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*