“Koronavirus hələ bir müddət davam edəcək” – MÜSAHİBƏbackend

“Koronavirus hələ bir müddət davam edəcək” - MÜSAHİBƏ

Dünyanı ağuşuna alan COVİD-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən karantin rejimi tədricən yumşaldılsa da, təəssüf ki, hər gün virusa daha çox insanın yoluxması barədə xəbərlər eşidilməkdədir. Hökumət sosial izolyasiya qaydalarını sadələşdirsə də, virusun hələ də tam aradan qalxmadığı barədə xəbərdarlıqlar edir. Məsələnin ciddiliyi həkimlər tərəfindən də xüsusi olaraq vurğulanmaqdadır.

KONKRET.az-a açıqlamasında həkim Gülbəniz Məmmədəliyeva da xəstəliklə bağlı son durumun ürəkaçan olmadığını bildirib.

Bakıda COVİD-19 xəstələrinin müalicə aldığı klinikada çalışan Gülbəniz həkim mövcud vəziyyətlə bağlı suallarımızı ətraflı cavablandırıb.

Qeyd edək ki, Gülbəniz Məmmədəliyeva 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkim-pediatrıdır. Aprelin 3-dən etibarən könüllü olaraq üç həmkarı – Abuta Ağayeva, Şəfa YusubovaReyhan Tağıyeva ilə birlikdə koronaviruslu xəstələrin müalicə aldığı klinikaya ezam olunub.

– Gülbəniz həkim, öncə ondan başlayaq ki, koronavirusun riskli bir xəstəlik olduğunu bildiyiniz halda, könüllü həkim briqadasına qoşulmağınız  böyük maraq doğurur…

–  Sözün açığı, mən və həmkarlarım aprelin 2-nə, yəni könüllü kimi müraciət etdiyimiz günə qədər xəstəlik barədə hamı kimi kütləvi informasiya vasitələrindən (KİV) eşitdiyimiz məlumatlara malik idik. Və təbii ki, xəstəliyə yoluxma ehtimalının böyük olduğunu da bilirdik. Məlumdur ki, əhalinin əsas risk qrupuna daxil olan hissəsinə tibb işçiləri də aiddir. Sözün açığı, TƏBİB bizi klinikaya dəvət edəndə çox həyəcanlı idik. Çünki orada nə baş verdiyini bilmirdik. Ancaq ürəyimizdəki kömək etmək hissi bizi koronaviruslu xəstələrlə işləməyə sövq edirdi. Yəni biz yoluxma faktorundan ehtiyat etsək də, özümüzü, belə demək mümkünsə, oda atdıq.

– Siz özünüzü oda atdığınızı deyirsiniz. Amma çoxları hələ də xəstəliyin mövcudluğuna şübhə ilə yanaşır…

– Bir həkim kimi tam məsuliyyətimlə deyirəm ki, buna şübhə ilə yanaşmaq olmaz. Açığı, mən özüm də bir tibb işçisi ola-ola əvvəl hardasa ürəyimin dərinliyində bir şübhə var idi ki, bəlkə də bu, deyilən qədər deyil. Ancaq fakt odur ki, xəstəlik deyilən qədər də var, yəni ağır vəziyyətdə olanlar da, həyatını itirənlər də var. Sözsüz ki, xəstəliyin ilkin dövrlərində ağırlaşmalar yox idi. Amma insanlar öz-özünü evdə müalicə etdikcə, xəstəlikdən ağırlaşma halları daha da artıb. Bu da ondan irəli gəlir ki, insanlar arasında həqiqətəuyğun olmayan informasiyalar dolaşır, guya klinikada xəstələri yoluxdururlar, onlara yaxşı baxmırlar. Bax, bu mənfi təsəvvürlər onları klinikaya gəlməkdən yayındırır ki, bu da xəstələrin sayının artmasına və daha da ağırlaşmasına gətirib çıxarır. Qəti əminliklə bildirirəm ki, klinikada xəstəliyə yoluxdurulma və xəstələrə baxılmaması ilə bağlı informasiyalar yanlışdır. Əksinə, deyim ki, bu xəstəliklə mübarizəyə o qədər vəsait ayrılır ki, heç kəsin öz vəsaiti hesabına gedib müalicə olunmağa gücü çatmaz. Yəni bu xəstəliyi müalicə etdirmək insanlara çox böyük məbləğlərə başa gələr. Hansı ki, burada qiymətindən asılı olmayaraq, xəstələrə bütün analizlər olunur, hər şey onların xeyrinə həll edilir.

– Həkim, ümumiyyətlə, bu xəstəlik özünü necə büruzə verir? Yəni koronavirus xəstəsi necə bir xəstədir?

– Koronaviruslu xəstə sağlamlardan elə də fərqlənmir. Belə xəstəni aşkarlamaq üçün, ilk növbədə, xəstəliyin əlamətlərinə fikir vermək lazımdır. Bu əlamətləri isə hamımız bilirik. Yəni hərarət, öskürək, sinədə sıxılma, təngnəfəslik ilkin əlamətlərdir. Və təbii ki, xəstədə bu simptomların hamısı deyil, bəziləri də ola bilər. Koronaviruslu xəstələr ancaq bununla fərqlənir. Xəstəlik ilk öncə yüngül əlamətlərlə başlayır, sonra sinədəki sıxılma dərin boğulmaya, təngnəfəsliyə və tənəffüs çatışmazlığına keçir. Artıq tənəffüs çatışmazlığı xəstəliyin ağırlaşması ilə müşayiət olunur.

– Bəs xəstəlik nə zaman ölümlə nəticələnir?

– Əgər xəstədə hansısa bir gizli xəstəlik olarsa, bu ölümlə nəticələnə bilər. Yəni bəzən koronaviruslu xəstələr  səhhətlərində hansısa bir ciddi problemin olduğundan xəbərsiz də ola bilərlər və nəticədə vəziyyətləri daha da ağırlaşa bilər. Əgər xəstəyə təyin olunan müalicələr effekt vermirsə, deməli, onda gizli bir xəstəlik də var. Məsələn, bizim klinikada müalicə alan bir xəstənin özü də bilmədən ürəyində anevrizma var imiş. Müalicə fonunda xəstənin vəziyyəti ağırlaşmağa başladı. Çünki virus nəticəsində qanda dəyişikliklər gedir ki, bu da təbii olaraq ürəkdə də özünü göstərir. Yəni əgər haradasa zədə, patalogiya varsa, ilk növbədə, orqanizmi o tərəfdən zəyiflətməyə çalışır.

– Deyə bilərsinizmi, hansı yaş qrupuna aid insanlarda ölüm halı daha çox ola bilər?

– Mən deyərdim ki, 20 yaşa qədər uşaqlar arasında bu, daha az təhlükəlidir. Çünki bu yaşa qədər uşaqlarda ağır pnevmaniya  olsa belə, sağalırlar və hətta onlara o qədər də ağır dərmanlar istifadə olunmur. Ancaq 20 yaşdan sonra bütün insanlar ağır risk qrupuna daxildir. Məsələn, cavan insan var ki, heç bir şikayəti olmaya-olmaya vəziyyəti ağırlaşıb gəlir, ürəyindən əməliyyat olunan yaşlı insan da var ki, sağalıb gedir. Elə bu yaxınlarda ürək əməliyyatı keçirmiş 67 yaşlı bir xəstə və 80-dən yuxarı yaşı olan bir qadın da müalicə olunaraq, sağ-salamat evlərinə getdilər. Yəni şərt deyil ki, mütləq yaşlılar bu xəstəlikdən qorunmalıdırlar.

– Yeri gəlmişkən, klinikanızda xəstəliyin artıb-azalma tempi nə yerdədir?

– Qeyd edim ki, say baxımından əvvəlki dönəmlərdə asiptomatik xəstələr daha çox gəlirdi. Yəni şübhəli bilinən xəstələrin analizləri pozitiv çıxan kimi klinikaya gətirilirdilər. Amma qəribə burasıdır ki, indi xəstələrin çoxu ağırlaşmış vəziyyətdə gəlir. Yəni say baxımından xəstə azdır, amma əksəriyyəti pnevmaniyalı xəstələrdir. Əgər əvvəl on xəstədən, məsələn, biri pnevmaniyalı idisə, indi on xəstədən yeddisi pnevmaniyalıdır. Səbəbi də odur ki, onlar öz-özlərini evdə müalicə ilə məşğul olur, ordan-burdan eşitdikləri virus əleyhinə dərmanlar qəbul edərək, nəticədə, vəziyyətlərini daha da ağırlaşdırırlar. Halbuki bu xəstəlik spesifik müalicə edilməlidir, kor-koranə deyil.

– Həkim, bəs koronavirusun hansı müddətə qədər tam aradan qalxa biləcəyi barədə dəqiq nə deyə bilərsiniz?

– Dəqiq onu deyə bilərəm ki, xəstəlikdən tam qurtulmağın yolu insanların qorunma üsulundan asılı olaraq, ən sonuncu xəstə sağalana qədərdir. Yəni insanlar ən sonuncu xəstə ilə əlaqəsini məhdudlaşdırarsa, xəstəliyə tam qalib gəlmək mümkündür. Əks halda konkret müddətdən danışmaq absurddur. Ona görə də qoyulan qaydalara əməl edib, yoluxma ehtimalını azaltmaq lazımdır ki, insanlar arasında xəstələrin sayı get-gedə azalsın və yoxa çıxsın.

– Qaydalar demişkən, bir həkim kimi xəstəliklə mübarizədə siz nələri tövsiyə edirsiniz?

– Sadəcə, televiziyalarda, KİV-də təbliğ olunan qaydalara əməl etmək lazımdır. Ən vacibi maska taxmaqdır, özü də mütləq keyfiyyətli maskalardan istifadə edilməlidir. Çünki digərləri o qədər də etibarlı deyil. Həmçinin insanlarla maksimum dərəcədə məsafə saxlamaq lazımdır. Sözsüz ki, gigiyena qaydalarına riayət etmək də çox vacibdir. Unutmaq lazım deyil ki, heç kəs bu xəstəlikdən siğortalanmayıb.

– Sirr deyil ki, hər gün xəstəliyin artan tempi barədə informasiyalar eşidirik. Sizcə, ölkəmizdə koronavirusun növbəti dalğası müşahidə oluna bilərmi?

– Biz bilirik ki, adi qrip infeksiyası hər mövsümdə qayıda bilir. Bu virus da eyni şeydir. Yəni fikirləşmək lazım deyil ki, o hansısa müddətə, tutaq ki, may, iyun ayına qədər tam sovuşacaq. Bir həkim kimi öz baxışlarıma və analizlərimə əsasən deyirəm ki, koronavirus hələ bir müddət davam edəcək. Və elə ona görə də insanları diqqətli olmağa, bütün deyilənlərə əməl etməyə çağırıram.

Hazırladı: Sevinc Paşayeva

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*