Pensiya yaşına çatmasına baxmayaraq əmək pensiyası hüququ olmayan şəxslərə təyin edilən yaşa görə sosial müavinətin gələcəkdə dayandırılması və ya məhdudlaşdırılması ilə bağlı müzakirələr cəmiyyətdə ciddi suallar doğurur. Ekspertlər hesab edirlər ki, belə bir dəyişiklik yalnız dövlət büdcəsinə qənaət prizmasından deyil, sosial təminat sisteminin dayanıqlılığı və yaşlı insanların gəlirlərinin qorunması baxımından qiymətləndirilməlidir.
Bəs əmək pensiyası hüququ olmayan şəxslərə ödənilən yaşa görə sosial müavinətin gələcəkdə dayandırılması mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, yaşa görə sosial müavinətin taleyi ilə bağlı müzakirələrə yalnız emosional yanaşmaq düzgün deyil:

“Düşünürəm ki, yaşa görə sosial müavinətin dayandırılması ilə bağlı müzakirələrin əsas mövzusu 220 manat deyil, sosial təminatın gələcəyidir. Burada hüquqi, iqtisadi və sosial baxımdan ciddi məsələlər var.
İlk növbədə qeyd etmək lazımdır ki, əmək pensiyası ilə yaşa görə sosial müavinət eyni hüquqi və maliyyə mexanizmi deyil. Əmək pensiyası şəxsin sosial sığorta sistemində formalaşmış pensiya hüququna, sosial müavinət isə qanunvericiliklə müəyyən edilmiş sosial təminat meyarlarına əsaslanır.
Bu fərqi nəzərə almadan “pensiya alanların müavinəti dayandırılır” və ya “işləməyən pensiyaçılara ödəniş kəsilir” kimi ümumiləşdirilmiş fikirlər səsləndirmək cəmiyyətdə yanlış təsəvvür yarada bilər.
Hazırkı qanunvericiliyə əsasən yaşa görə sosial müavinət əmək pensiyası hüququ olmayan və müəyyən edilmiş digər şərtlərə cavab verən şəxslər üçün sosial təminat vasitəsidir. Deməli, bu ödənişin gələcək taleyi ilə bağlı hər hansı dəyişiklik yalnız qanunvericilik çərçivəsində həyata keçirilə bilər”.
“Dövlət üçün kiçik xərc, vətəndaş üçün böyük gəlir”
Ekspertin sözlərinə görə, məsələyə yalnız dövlət büdcəsinə qənaət baxımından yanaşmaq doğru deyil:
“Burada əsas məsələ 220 manatın dövlət büdcəsi üçün böyük və ya kiçik xərc olması deyil. Əsas məsələ həmin məbləğin müavinət alan şəxs üçün hansı iqtisadi əhəmiyyət daşımasıdır.
Makroiqtisadi baxımdan 220 manatlıq sosial ödəniş dövlət büdcəsinin ümumi xərcləri fonunda məhdud məbləğ kimi görünə bilər. Lakin mikroiqtisadi baxımdan bu vəsait aşağı gəlirli yaşlı insanın aylıq büdcəsində çox böyük paya malikdir. Yəni dövlət üçün nisbətən kiçik fiskal xərc olan ödəniş vətəndaş üçün əsas gəlir mənbələrindən biri ola bilər.
Əgər bir ödənişin dayandırılması nəticəsində dövlət büdcəsində müəyyən qənaət yaranırsa, eyni zamanda həmin şəxslərin ərzaq, kommunal xidmət, səhiyyə və digər əsas xərcləri qarşılamaq imkanları azalırsa, qərarın dolayı sosial və iqtisadi nəticələri də hesablanmalıdır.
Bir tərəfdən büdcəyə qənaət edilərkən, digər tərəfdən aztəminatlı insanların sosial müdafiəsinə, səhiyyə xidmətlərinə və digər dəstək mexanizmlərinə əlavə ehtiyac yarana bilər. Ona görə sosial ödənişlərə yalnız “büdcə xərci” kimi baxmaq iqtisadi baxımdan tam yanaşma deyil”.
“Əsas sual budur: İnsan niyə əmək pensiyası hüququ qazanmır?”
Asif İbrahimov hesab edir ki, müzakirənin əsas istiqaməti əmək pensiyası hüququnun niyə formalaşmadığını müəyyənləşdirmək olmalıdır:
“Sual olunmalıdır ki, niyə insan əmək pensiyası hüququ qazanmır? Məncə, müzakirənin ən vacib hissəsi məhz budur.
Əgər insan uzun illər əmək fəaliyyəti göstərib, lakin pensiya yaşına çatanda əmək pensiyası hüququ əldə edə bilməyibsə, burada yalnız həmin şəxsin vəziyyətini deyil, əmək bazarını, sosial sığorta sistemini və pensiya kapitalının formalaşma mexanizmini də təhlil etmək lazımdır.
Niyə bəzi vətəndaşların pensiya kapitalı kifayət etmir? Niyə uzun illər aşağı əməkhaqqı ilə çalışan şəxslərin gələcək pensiya təminatı zəif olur? Qeyri-formal məşğulluğun və əməkhaqqının rəsmiləşdirilməməsinin nəticələrini kim daşıyır?
Əgər insan əmək fəaliyyəti dövründə sistemdən kənarda qalıbsa, pensiya yaşında bunun bütün nəticəsini həmin şəxsin üzərinə qoymaq nə dərəcədə ədalətlidir?
Buna görə yaşa görə sosial müavinətə yalnız sosial yardım kimi deyil, müəyyən mənada pensiya sistemində yaranan boşluğu kompensasiya edən mexanizm kimi də baxmaq lazımdır”.
Müavinət dəyişdirilərsə, alternativ mexanizm necə olacaq?
Ekspert hesab edir ki, əsas məsələ müavinətin dayandırılıb-dayandırılmamasından daha çox, belə bir dəyişiklikdən sonra yaşlı insanların minimum gəlirinin necə qorunacağıdır:
“Əgər bu sosial ödəniş gələcəkdə dəyişdiriləcəksə, onun yerinə hansı təminat mexanizmi yaradılacaq? Əgər əmək pensiyası hüququ olmayan yaşlı şəxsin gəliri azaldılırsa, onun minimum gəlir səviyyəsi necə qorunacaq?
Əgər məqsəd insanları sosial sığorta sisteminə daha çox cəlb etməkdirsə, bunun üçün əmək fəaliyyəti dövründə hansı stimullar yaradılacaq? Əgər məqsəd büdcə xərclərinin optimallaşdırılmasıdırsa, daha böyük və səmərəsiz xərclər niyə əvvəlcə təhlil edilmir?
Bu suallar cavablandırılmadan yalnız yaşlı insanın aldığı müavinətə qənaət mənbəyi kimi baxmaq düzgün deyil. Fiskal qənaət hər zaman iqtisadi səmərəlilik demək deyil”.
“Sosial müavinət alan şəxsi avtomatik pensiyaçı adlandırmaq düzgün deyil”
İbrahimovun sözlərinə görə, hüquqi baxımdan əmək pensiyası ilə sosial müavinət fərqli anlayışlardır:
“Əmək pensiyası sosial sığorta sistemində formalaşan hüquqdur. Yaşa görə sosial müavinət isə əmək pensiyası hüququ olmayan şəxslər üçün sosial təminat mexanizmidir.
Bu səbəbdən sosial müavinət alan şəxsi avtomatik olaraq “pensiyaçı” adlandırmaq düzgün deyil. “Pensiyaçıların müavinəti kəsilir” kimi ifadələr də hüquqi baxımdan dəqiq deyil.
Əgər söhbət məhz yaşa görə sosial müavinətdən gedirsə, müzakirə də həmin hüquqi kateqoriya üzərindən aparılmalıdır”.
Dəyişiklik olacaqsa, keçid dövrü müəyyənləşdirilməlidir
Ekspert vurğulayıb ki, sosial təminat sahəsində qaydaların qəfil dəyişdirilməsi ciddi sosial risklər yarada bilər:
“Əgər dövlət gələcəkdə sosial müavinət sistemində dəyişiklik etmək istəyirsə, bunu əvvəlcədən elan etməli, hüquqi əsaslandırmalı və keçid müddəti müəyyən etməlidir.
Pensiya və sosial təminat sistemi insanın əmək həyatının əvvəlindən planlaşdırıla biləcəyi qədər proqnozlaşdırılan olmalıdır. İnsan bilməlidir ki, hansı halda əmək pensiyası hüququ qazanacaq, hansı halda sosial müavinət alacaq, nə qədər sosial sığorta ödənişi etməlidir, pensiya kapitalı necə formalaşır və gələcək sosial təminatının minimum həddi nə olacaq.
Bu mexanizmlər aydın olmadıqda insanın gələcəklə bağlı iqtisadi planlaşdırması da çətinləşir”.
“Sistemin gəlir tərəfi gücləndirilməlidir”
Asif İbrahimovun fikrincə, uzunmüddətli perspektivdə sosial təminat sisteminin dayanıqlılığını artırmaq üçün gəlir tərəfinin gücləndirilməsi daha vacibdir:
“Əgər məqsəd sosial büdcə yükünü azaltmaqdırsa, ilk növbədə sistemin gəlir tərəfinə baxmaq lazımdır. Qeyri-formal məşğulluğun azaldılması, əmək müqavilələrinin genişləndirilməsi, əməkhaqlarının rəsmiləşdirilməsi, sosial sığorta bazasının böyüdülməsi və pensiya kapitalının formalaşmasının gücləndirilməsi uzunmüddətli baxımdan daha sağlam yanaşmadır.
Daha çox insan sosial sığorta sisteminə daxil olduqca gələcəkdə yalnız dövlət büdcəsindən maliyyələşən sosial təminata ehtiyac da nisbətən azala bilər.
Başqa sözlə, problemi yaşlı insanın aldığı 220 manatda axtarmaqdansa, bu insanın niyə əmək pensiyası hüququ əldə edə bilmədiyini araşdırmaq daha doğrudur”.
Müavinətin azaldılması hansı dolayı nəticələrə səbəb ola bilər?
Ekspert sosial ödənişlərin azalmasının dolayı iqtisadi nəticələrinin də nəzərə alınmalı olduğunu bildirib:
“İqtisadi siyasətdə çox mühüm prinsip var: bir xərcin azaldılması avtomatik olaraq iqtisadi səmərəlilik demək deyil.
Sosial ödəniş azaldılır və dövlət büdcəsi müəyyən qədər qənaət edir. Amma həmin şəxslərin istehlak imkanları azalır. Aşağı gəlirli əhali gəlirinin böyük hissəsini gündəlik istehlaka yönəldir. Deməli, sosial ödənişlərdə kəskin azalma həmin qrupun ərzaq və xidmətlərə olan tələbatına təsir göstərə bilər.
Bu isə xüsusilə inflyasiya təzyiqlərinin mövcud olduğu şəraitdə daha həssas məsələdir.
Buna görə sosial ödənişlərlə bağlı qərar yalnız bir büdcə sətrinə baxılaraq qəbul edilməməlidir. Fiskal effektlə yanaşı sosial, inflyasiya və istehlak effektləri də modelləşdirilməlidir”.
“Məsələ 220 manat deyil”
İbrahimov hesab edir ki, yaşa görə sosial müavinətlə bağlı hər hansı dəyişiklik gündəmə gələcəksə, ilk növbədə üç əsas suala cavab verilməlidir:
“Birinci, əmək pensiyası hüququ olmayan yaşlı insanın minimum gəliri necə təmin ediləcək?
İkinci, müavinətin azaldılması və ya dayandırılmasının sosial nəticəsi nə olacaq?
Üçüncü, dövlət bu qərardan əldə edəcəyi fiskal qənaəti hansı istiqamətə yönəldəcək?
Əgər cavab yalnız “büdcəyə qənaət olunacaq”dırsa, bu, kifayət deyil. Dövlət büdcəsinin məqsədlərindən biri də cəmiyyətin sosial sabitliyini və vətəndaşların minimum rifahını təmin etməkdir”.
Ekspertin sözlərinə görə, pensiya sistemində mövcud problemlərin həlli sosial ödənişlərin azaldılmasından deyil, sistemin əsas səbəblərinin aradan qaldırılmasından başlamalıdır:
“Əgər dövlət sosial sığorta sistemindəki problemləri həll etmədən, qeyri-formal məşğulluğu tam aradan qaldırmadan, əməkhaqlarının rəsmiləşdirilməsini daha da gücləndirmədən və pensiya kapitalının formalaşması mexanizmini təkmilləşdirmədən sosial ödənişlərin azaldılmasına üstünlük verirsə, bu, problemin kökünə deyil, nəticəsinə müdaxilə etməkdir.
Yaşlı insanın 220 manatına qənaət etməklə pensiya sisteminin problemi həll olunmur. Əksinə, bu məbləğin azaldılması sosial riski daha zəif gəlir qrupunun üzərinə keçirə bilər.
Dövlətin sosial siyasəti vətəndaşa “qocalanda necə yaşayacağımı bilmirəm” qorxusu yox, “əmək fəaliyyətim bitəndə minimum təminatım olacaq” əminliyi verməlidir.
Mən hesab edirəm ki, yaşa görə sosial müavinətin gələcək taleyi ilə bağlı hər hansı dəyişiklik gündəmə gələcəksə, bu məsələ yalnız büdcə xərcləri prizmasından deyil, pensiya sisteminin dayanıqlılığı, sosial ədalət, inflyasiya, əhalinin gəlirləri, qeyri-formal məşğulluq və uzunmüddətli fiskal davamlılıq baxımından kompleks qiymətləndirilməlidir.
Çünki məsələ 220 manat deyil. Məsələ insanın qocalanda dövlətə və sosial təminat sisteminə nə qədər güvənə bilməsidir”.
Aynurə İsmayıl
KONKRET.az
