Azərbaycanda meyvə qiymətləri niyə “od tutub yanır?” – AÇIQLAMAbackend

Azərbaycanda meyvə qiymətləri niyə “od tutub yanır?” - AÇIQLAMA

Artıq bir neçə ildir ki, mart aprel ayında yazın mövsümi meyvələri olan alça və gilasın gözqamaşdıran qiymətləri ortaya çıxır. Təsadüfi deyil ki, bir neçə gün öncə sosial şəbəkələrdə alçanın kiloqramının 175 manata təklif edildiyinin şahidi olduq.

Onu da qeyd edək ki, aprel ayının sonuna doğru və may ayında belə bəzən mövsümi meyvələrə əl uzatmaq olmur. Necə deyərlər, bazarda qiymətlər “od tutub yanır”.

Maraqlıdır, bu il mövsümi meyvələrin qiyməti hamı üçün əlçatan olacaqmı? Ümumiyyətlə qiymətlərin baha olmasının səbəbi nədir?

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov qiymətlərin dəyişkən olmasının məhsuldarlıqdan asılı olduğunu qeyd edib.

Ekspert məhsuldarlığa qlobal iqlim dəyişikliyinin səbəb olduğunu və bu səbəbdən mövsümi meyvələrin baha satıldığını bildirib:

“Son iyirmi ildə qlobal iqlim dəyişikliyi nəticəsində havanın tempraturu dəyişib və tempraturu əvvəlcədən proqnoz vermək belə çətinləşib. Təsadüfi deyil ki, indi verilən proqnozların əksəriyyəti özünü doğrultmur. Bu baxımdan qarşıdakı günlərdə bizi nə gözləyir, onu demək çətindir. Lakin indiyədək havanın tempraturu münbit olub. Bu məhsuldarlığın yaxşı olmasına işarədir. Amma onu da deyim ki, hava şəraiti kəskin olsa belə aqrotexniki qaydalara əməl etməklə məhsuldarlığı yüksəltmək olar. Nəticənin belə olması isə bu sahədə aparılan siyasətdən, bizim bağbanlardan asılıdır”.

V.Məhərrəmov məhsuldarlığın aşağı qiymətlərin yuxarı olmasında həm də bağbanları günahlandırıb:

“Təəssüflər olsun ki, bizdə bağbanların maarifləndirilməsi istiqamətində lazımı addımlar atılmır. Qeyri-peşəkarlar bu sahədə bağbanları, fermerləri maarifləndirir. Onların çoxu sadəcə oxuduqlarını çatdırır, təcrübə isə minimum səviyyədədir. İndi qlobal iqlim dəyişikliyi olduğu üçün yalnız kitabdan oxunanlar kifayət deyil. Bu sahədə peşəkarları axtarıb tapmaq lazımdır”.

“Havadan mərhəmət gözləməli olacağıq…”

“Görünən odur ki, biz havadan mərhəmət gözləməli olacağıq. Əks halda hava kəskin dəyişərsə, məhsuldarlığın səviyyəsi aşağı, qiymətlər isə yuxarı olacaq. Lakin onu deyim ki, qarın yağması belə mövsümi meyvələrə təsir etməz. Lakin qarla bərabər şaxta müşahidə etsək, bu zaman məhsuldarlığa ziyan dəyəcək. Düşünürəm ki, qarşıdakı günlərdə mövsümi meyvələr yetişdirilən rayonlarda dolu düşməyəcək. Bu isə müsbət haldır”./sfera.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*