Adil Qeybulla: “Oturaq həyat tərzi və ekoloji amillər xərçəng xəstəliyinin yaranması ilə nəticələnir”.
“Milli Onkologiya Mərkəzinə hər gün 1200 nəfər müraciət edir. Burada avadanlıqların saxlanılması və s. xərclər üçün 5 qat artıq büdcə lazımdır. Bu fikirləri Milli Onkologiya Mərkəzi baş direktorunun müavini səsləndirib. Açıqlama ölkədə böyük əks-səda yaradıb və xərçəng bəlasının Azərbaycanda sürətlə yayıldığını bir daha təsdiq edib.
Bəs görəsən ölkədə xərçəng xəstəliyini yaradan və artıran hansı səbəblərdir?. Ümumiyyətlə bu bəlanın sürətlə artmasının qarşısını necə almaq olar?

Konkret.az –ın ünvanladığı sualları Tibb Elmləri Doktoru, professor Adil Qeybulla cavablandırıb. Ekspert bildirib ki, xərçəngin artım tendensiyası bütün dünyada var: “Lakin bizdə əlavə problemlər də mövcuddur. Belə ki, əhalinin böyük əksəriyyəti qaçqın və məcburi köçkün durumundadır, bundan əlavə qidalanma rejimi tamamilə dəyişilib. Süni və geni modifikasiya olunan məhsulların, həmçinin zərərli vərdişlərin sayı artıb. Qadınlar arasında siqaret, kişilərdə isə alkoqoldan istifadə halları çoxalıb. Bütün bunlarla yanaşı, oturaq həyat tərzi və ekoloji amillər öncə stressin , daha sonra isə xərçəng xəstəliyinin yaranması ilə nəticələnir”.
Adil Qeybullanın sözlərinə görə, ölkədə həddindən artıq avtomobil var: “Bu avtomobillərin əksəriyyəti texniki cəhətdən nasazdır. Başqa ölkələrin zibilliklərindən avtomobilləri yığaraq ölkəyə gətirirlər. Bu isə atmosferin xeyli çirklənməsinə səbəb olur. 1 kub metr havada, 1 nanoqram benzoin törəməsinin olması isə, hər 20 nəfərdən birində ağciyər xərçəngi faktının varlığını ortaya qoyur. Ona görə də, bu cür ekoloji faktorların qarşısı alınmalıdır. Biz çalışmalıyıq ki, Azərbaycanda olan qidaların alternativini, xarici ölkələrdən gətirməyək. Əhalinin sağlam qidalanmasını, ölkənin ekoloji tarazlığını təmin edə bilək. Park və yaşıllıqları artıraq. Bu problemlərin həlli xərçəngin azalmasına səbəb olacaq”.
