“Planetimizdə 2-3 yaramaz diktator var və onların içərisində ən təhlükəlisi bizim payımıza düşüb”.
KONKRET.az xəbər verir ki, bu sözləri Gələcək Azərbaycan Partiyasının sədri Rəsul Quliyev öz Facebook səhifəsində yazıb.
O, şimal qonşumuz olan Rusiya Federasıyasının Prezidenti Vladimir Putin haqqında öz fikirlərini bildirib.
R.Quliyev Putin haqqında fikirlərini bu cür ifadə edib:
“Planetimizdə 2-3 yaramaz diktator var və onların içərisində ən təhlükəlisi bizim payımıza düşüb. Çünkü o, bizim qonşumuzdur. Çünki onun çox böyük ərazisi, əhalisi və nüvə silahı var.
1947-ci ildən camaatını ac-yalavac saxlayaraq, pullarını nüvə potensialını artırmağa xərcləyən bu əcaib ölkənin başında əcaib paranoik, təkəbbürlü “KGB” polkovnik-leytenantı durub və hamını hədələyir.
Bu adamın siyasətini dəstəkləyən yer kürəsində kiçik ölkə belə yoxdur. Ən yaxın silahdaşı hesab etdiyi Belarus diktatoru Lukaşenko fürsət tapsa, bıçağı kürəyindən soxar.
Çin bu adamın dəli olduğunu anlayır və ondan əsl rəqibləri olan Avropa və ABŞ-a qarşı müqəvva kimi istifadə etməyə üstünlük verir. Bu təhlükəli şəxs Çinin Sibiri ələ keçirmək strateji planını həyata keçirməsini tezləşdirə bilər.
Bu adam qonşuları üçün çox böyük təhlükə yarada biləcək, şəhərlərini viran edə biləcək birisidir”.
Daha sonra partiya sədri Azərbaycanın Rusiya ilə siyasətini tənqid edənlərə səslənib.
“Hansı isə ağıldan kəmlərin Azərbaycanın siyasətini tənqid etməsi qeyri-ciddidir. Rusiyanın əlində kozır olan “Kinjal” raketləri Xəzər dənizindədir.
Əgər Qarabağ torpaqları ilə əlaqədar nəyəsə müvəffəq olmaq istəyiriksə, gözləməyi bacarmalı və Rusiya ilə dil tapmağa cəhd etməliyik”, – deyə R.Quliyev əlavə edib.
Xuraman Etibarlı,
KONKRET.az
