Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi marşrutundan, nəhayət, bu gün ilk avtomobil Qarabağa daxil olub. Rusiyadan humanitar yük gətirən TIR bir neçə gün Qarabağa buraxılmasa da, bu gün sülhməramlıların müşayiəti ilə separatçıların nəzarətində olan əraziyə girib. Deməli, Laçın yoluna alternativ marşrut hesab edilən Ağdam yolunun işləməsi təmin edilib.
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Tural Əliyev bildirib ki, Ağdam – Xankəndi yolunun açılması özlüyündə diplomatik uğurdur:
“Çünki Laçın yolunun açılması ilə bağlı təzyiq var idi. Bildirilirdi ki, humanitar yüklər Laçın yolundan daxil olsun, Ağdam yolunu isə gələcək üçün müzakirə predmeti kimi saxlamağı düşünürdülər. Amma Azərbaycan israrla Ağdam yolunun açılmasını tələb edirdi. Çünki beynəlxalq qanunvericiliklə də belədir; əgər həqiqətən həmin ölkələr və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyırlarsa, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ərazi bütövlüyü anlayışı ən ali prinsipdir. Azərbaycan da məsələyə bu prizmadan yanaşaraq, daxilində yüklərin hansı istiqamətdə daşınmasını özü müəyyən edir.
Yüklərin haradan daxil olması ətrafında böyük bir basqı var idi, müzakirələr gedirdi. Hətta məsələ BMT TŞ-də müzakirəyə çıxarıldı. Əsas məqsəd həmin dəhlizi açmaqla Ağdam yolunu birdəfəlik yaddan çıxarmaq, Azərbaycanın yurisdiksiyasına daxil olan əraziləri hələ də öz siyasi manevrləri üçün saxlamaq idi. Bu baxımdan çalışırdılar ki, Azərbaycanı fikirindən döndərsinlər. Hətta Rusiya belə, Laçın yolunun açılmasına çalışırdı. Amma Azərbaycan haqlı tələb qoyurdu ki, Ağdam yolu açılandan sonra Laçın yolu açıla bilər”.
Politoloq hesab edir ki, Rusiyaya məxsus yük maşınının Xankəndiyə daxil olması hələ o demək deyil ki, Laçın yolu açıla bilər:
“Çünki şərtlər var, həmin şərtlərdən biri də Azərbaycanın göndərdiyi yüklərin Xankəndiyə daxil olmasıdır. Ondan sonra isə Laçın yolundan daxil olan yüklər sırf Azərbaycanın qanunvericiliyinə uyğun olaraq əraziyə buraxılacaq. Hələ bu o demək deyil ki, Laçın yolu açılacaqsa, istədikləri yükü göndərə bilərlər. Laçın yolu Azərbaycanın şərtlərinə uyğun olaraq açılacaq və qanunvericiliyə uyğun fəaliyyət göstərəcək”.
Vəli Həsənov,
KONKRET.az