Dəmir yolu nəqliyyatında sərnişinlərin rahatlığının təmin edilməsi yalnız qatarların hərəkətə buraxılması ilə məhdudlaşmır. Reyslərin sayı, hərəkət intervalları və yola düşmə saatları da insanların gündəlik həyatına uyğun qurulmalıdır. Xüsusilə Bakı
Sumqayıt marşrutu üzrə işə və təhsil müəssisələrinə gedən sərnişinlər üçün qatarların hərəkət qrafiki mühüm əhəmiyyət daşıyır. Səhər və axşam saatlarında yaranan sıxlıq, reyslər arasındakı uzun fasilələr və əlverişsiz vaxt seçimi ictimai nəqliyyatdan istifadənin rahatlığına təsir göstərir.
Bəs dəmir yolu ilə sərnişindaşıma sahəsində əsas problem nədən qaynaqlanır? Qatarların hərəkət qrafiki niyə sərnişinlərin gündəlik tələbatına uyğunlaşdırılmır?
Məsələ ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyasının sədri Tural Abbaslı bildirib ki, Bakı-Sumqayıt istiqamətində qatarların sayı, hərəkət saatları və reyslər arasındakı intervallar sərnişinlərin gözləntilərini qarşılamır.

“Sosial şəbəkələrdə yayılan görüntülərdə də sərnişinlərin qatarlarla həddindən artıq sıx şəraitdə hərəkət etdiyi görünür. Halbuki dəmir yolu nəqliyyatı yol tıxaclarından asılı olmadan sərnişinlərin mənzil başına çatdırılması baxımından mühüm üstünlüklərə malikdir.
Mövcud vəziyyətin yaxşılaşdırılması üçün qatarların sayı artırılmalı, reyslər arasındakı vaxt intervalı azaldılmalı və hərəkət cədvəli insanların gündəlik rejiminə uyğunlaşdırılmalıdır. Günün bütün saatlarında eyni intensivliyin saxlanılması əvəzinə, sərnişin axınının daha çox olduğu vaxtlara üstünlük verilməlidir”.
Partiya sədrinin fikrincə, xüsusilə səhər saatlarında insanların işə və təhsil müəssisələrinə yollandığı, axşam isə evlərinə qayıtdığı vaxtlarda qatarların hərəkəti daha intensiv təşkil olunmalıdır. Onun qənaətinə görə, reyslərin sayının və hərəkət tezliyinin artırılması sərnişin sıxlığını azaltmağa, insanların vaxt itkisini minimuma endirməyə kömək edə bilər.
T.Abbaslı dəmir yolu infrastrukturuna ayrılan vəsaitlərin səmərəliliyi məsələsinə də toxunub. O, müxtəlif istiqamətlərə xərclənən milyonlarla manat vəsaitin bir hissəsinin əlavə qatarların alınmasına və sərnişindaşıma xidmətinin yaxşılaşdırılmasına yönəldilməsinin mümkünlüyünü qeyd edib.
Siyasətçinin sözlərinə görə, əsas məqsəd sadəcə qatarların hərəkətini təmin etmək deyil, sərnişinlər üçün rahat və əlçatan nəqliyyat xidməti yaratmaq olmalıdır. O, mövcud yanaşmanın dəyişdirilməsinə ehtiyac olduğunu düşünür və digər ölkələrin dəmir yolu nəqliyyatının təşkilindəki təcrübəsindən yararlanmağı təklif edir.
T.Abbaslı əlavə edib ki, sərnişinlər gündəlik həyatlarını qatarların hərəkət saatlarına uyğunlaşdırmaq məcburiyyətində qalmamalı, əksinə, qatarların hərəkət qrafiki insanların real tələbatı əsasında müəyyənləşdirilməlidir.
Qeyd edək ki, Bakı-Sumqayıt xəttində sərnişindaşımanın daha səmərəli təşkili üçün pik saatlarda sərnişin axınının təhlili, reyslərin sayının optimallaşdırılması və hərəkət intervallarının tələbat əsasında müəyyənləşdirilməsi vacib məsələlərdəndir. Bu istiqamətdə atılacaq addımlar həm sərnişin məmnuniyyətinin artırılmasına, həm də dəmir yolu nəqliyyatının gündəlik istifadəsinin daha əlverişli olmasına şərait yarada bilər.
Aynurə İsmayıl
KONKRET.az
